
Gəncədə “Valideyn-məktəb əməkdaşlığının uşağın inkişafına təsiri” mövzusunda konfrans keçirilib
Şagirdlərin inkişafına dair tədbirləri və ölkəmizin maarif sistemindəki xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl yeniliklər, bağça-ailə əməkdaşlığından xəbərdar olmaq üçün bizi izləyin.
Gəncə şəhəri üzrə təhsil sektorunun təşkilatçılığı ilə “Valideyn-məktəb əməkdaşlığının uşağın inkişafına təsiri” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədağıyev, Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, ümumi təhsil müəssisələrinin direktorları və valideynlər iştirak ediblər.
Konfransın əsas məqsədi valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi, təhsil prosesində valideyn iştirakçılığının artırılması, eləcə də ailə və məktəbin birgə fəaliyyəti vasitəsilə uşaqların intellektual, sosial və psixoloji inkişafına dəstək göstərilməsinin əhəmiyyətini diqqətə çatdırmaq olub.
Tədbirdə çıxış edənlər uşağın şəxsiyyət kimi formalaşmasında ailə və məktəbin qarşılıqlı fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb, valideynlərin təhsil prosesində fəal iştirakının şagirdlərin akademik göstəricilərinə, sosial davranışlarına və psixoloji rifahına müsbət təsirindən bəhs ediblər.
Konfrans çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, valideyn-məktəb münasibətlərinin daha səmərəli qurulması, məktəblərdə psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi və uşaqların hərtərəfli inkişafına xidmət edən yanaşmalarla bağlı praktik tövsiyələr səsləndirilib.
Valideyn-məktəb əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

