
Kolleclərə 2026-2027-ci tədris ilində 22 mindən çox tələbə qəbul olunub
Qəbul statistikaları, imtahan standartları, metodik müzakirələri izləmək üçün direktor.az-a abunə olun. İmtahan proqramlarındakı dəyişikliklər, elmi-metodik tövsiyələrdən xəbərdar olmaq üçün bizi izləyin.
2026-2027-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə qəbul planı 87,2 faiz yerinə yetirilib. Belə ki, 25 min 310 plan yerinə 22 min 71 nəfər tələbə qəbul olunub.
Direktor.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsinə həsr olunan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, cari tədris ilində qəbul planının 9463 yeri dövlət hesabına, 15 min 847 yeri isə ödənişli əsaslarla müəyyənləşdirilib. Faktiki qəbul olunanların 8920 nəfəri dövlət hesabına, 13 min 151 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Beləliklə, qəbul olunanların 40 faizi dövlət sifarişi, 60 faizi ödənişli əsaslarla təhsil alır.
S.Babayeva son altı tədris ili üzrə qəbul göstəricilərinə də toxunub. Qeyd edib ki, 2021-2022-ci tədris ilindən 2026-2027-ci tədris ilinədək olan dövr ərzində orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 141 min 810 plan yeri ayrılıb, 130 min 603 nəfər qəbul olunub. Bu müddətdə qəbul planının yerinə yetirilmə səviyyəsi 92 faiz təşkil edib.
Bildirilib ki, son altı ildə faktiki qəbul göstəricisi 2021-2022-ci tədris ilində 20 min 406 nəfər, 2022-2023-cü ildə 20 min 756 nəfər, 2023-2024-cü ildə 22 min 317 nəfər, 2024-2025-ci ildə 22 min 232 nəfər, 2025-2026-cı ildə 22 min 821 nəfər, 2026-2027-ci tədris ilində isə 22 min 71 nəfər olub.
Sektor müdiri orta ixtisas təhsilinin Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsindəki yerindən də danışıb. Diqqətə çatdırıb ki, orta ixtisas təhsili beşinci səviyyə kvalifikasiyalarını əhatə edir. Ümumilikdə Milli Kvalifikasiyalar Çərçivəsində ümumi təhsil kvalifikasiyaları birinci və ikinci, peşə və orta ixtisas təhsili kvalifikasiyaları üçüncü, dördüncü və beşinci, ali təhsil kvalifikasiyaları isə altıncı, yeddinci və səkkizinci səviyyələr üzrə müəyyənləşdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

