
Məktəblərə təhsilverənlərin geyimi ilə bağlı tələblərin tətbiqinə dair TƏLİMAT göndərilib. Oxu və paylaş !
Direktor.az-a abunə olun və təhsilverənlərin geyimi ilə bağlı yeni təlimatın tam mətni, tətbiq qaydaları və məktəb rəhbərliyinin diqqət etməli olduğu əsas məqamlarla tanış olun. Məqalədə sənədin tələbləri praktik məktəb dili ilə təqdim edilir ki, rəhbər və müəllimlər tətbiq zamanı hansı addımları atmalı olduqlarını daha aydın müəyyənləşdirə bilsinlər. Məqaləni oxuya və səsli dinləyə, sənədin müddəalarını digər normativ tələblərlə müqayisə edərək praktikada daha düzgün tətbiq edə bilərsiniz. Abunə imkanları: 1 aylıq — 10 AZN, 3 aylıq — 25 AZN, 6 aylıq — 45 AZN, 1 illik — 85 AZN. Hörmətli abunəçi, bu və digər normativ-metodik materiallardan həmkarlarınızın da yararlanması üçün məqalənin linkini sosial şəbəkələrdə paylaşın və həmkarlarınıza göndərin — birlikdə öyrənək, paylaşaq və inkişaf edək.
Direktor.az saytına daxil olan məlumata görə, ölkənin ümumi təhsil məktəblərinə “Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin tətbiqinə dair TƏLİMAT” göndərilib. Təlimatda təhsilverənlərin geyiminə dair müəyyən edilmiş tələblərin məktəblərdə tətbiqi, bu prosesin təşkili və diqqət yetirilməli əsas məsələlər öz əksini tapır. Məktəb rəhbərləri və təhsilverənlər üçün praktik əhəmiyyət daşıyan həmin sənədin tam mətnini diqqətinizə təqdim edirik.
Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin tətbiqinə dair TƏLİMAT
Normativ hüquqi əsaslar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” təsdiq edilmişdir.
Tələblərə əsasən, təhsilverənlərin geyimi və istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalı, mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda seçilməlidir. Tələblərə riayət olunmasına məktəb rəhbərliyi nəzarət edir, bununla bağlı məsələlər isə Pedaqoji Şura tərəfindən həll edilir.
Tələblərin təhsilverənlərə çatdırılması
Məktəb rəhbərliyi təhsilverənlərin yeni geyim tələbləri barədə əvvəlcədən, aydın və əhatəli şəkildə məlumatlandırılmasını təmin etməlidir. Tələblərin pedaqoji kollektivə çatdırılması zamanı onların yalnız məzmunu deyil, tətbiqi prinsipləri də izah edilməlidir.
Xüsusilə təhsilverənlərin diqqətinə çatdırılmalıdır ki:
geyimlə bağlı müəyyən edilmiş tələblər bütün təhsilverənlərə vahid və ardıcıl şəkildə şamil olunur və eyni xarakterli hallarda eyni yanaşma tətbiq edilir;
tələblərin tətbiqi şəxsi zövqə, estetik yanaşmaya və ya fərdi mülahizələrə deyil, qüvvədə olan normativ hüquqi aktların tələblərinə əsaslanır;
təhsilverənin geyimi məktəbin işgüzar mühitinə və pedaqoji fəaliyyətin xarakterinə uyğun, eyni zamanda əmək funksiyasının yerinə yetirilməsinə mane olmayan, funksional olmalıdır;
geyim və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır;
tələblərə riayət edilməsinə məktəb rəhbərliyi nəzarət edir və onların tətbiqi obyektiv, vahid və ardıcıl şəkildə həyata keçirilir;
müəyyən edilmiş geyim tələblərinə riayət edilməməsi hallarında məsələyə qüvvədə olan qanunvericiliyin və müəyyən edilmiş daxili prosedurların tələblərinə uyğun baxılır və pozuntunun xarakterindən asılı olaraq əmək və icra intizamı baxımından müvafiq hüquqi nəticələr yarana bilər.
Məktəb rəhbərliyi tərəfindən tələblərin izahında subyektiv yanaşmaya, ayrı-seçkiliyə və ayrı-ayrı təhsilverənlərə fərqli münasibət göstərilməsinə yol verilməməlidir.
Təhsilverənin geyim norması ilə bağlı uyğunsuzluq aşkar edildikdə
Ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblərə əməl etməyən təhsilverənlər barədə aşağıdakı tədbirlər müvafiq ardıcıllıqla tətbiq edilir:
Tələb izah edildikdən sonra təhsilverən uyğunsuzluğu aradan qaldırmadıqda tədris prosesinə buraxılmır və pozuntu davam etdirildikdə:
1. Müvafiq akt tərtib edilir (akt nümunəsi əlavə edilir).
2. Təhsilverəndən izahat istənilir. İzahatında geyim tələblərinə əməl edib-etməyəcəyi soruşulur və cavabı ilə birlikdə izahatda yazılması təmin edilir. İzahat verməkdən imtina barədə ayrıca akt tərtib edilir.
3. Həmin gün təhsilverənə yazılı xəbərdarlıq edilməsi barədə əmr verilir (əmr nümunəsi əlavə edilir) və əmrlə tanış edilir.
Xəbərdarlığa baxmayaraq təhsilverən tərəfindən geyim tələblərinin pozulması davam etdirildikdə:
1. Müvafiq akt tərtib edilir (akt nümunəsi əlavə edilir).
2. Təhsilverəndən izahat istənilir. İzahatında geyim tələblərinə təkrarən əməl etməməsinin səbəbi soruşulur və cavabı ilə birlikdə izahatda yazılması təmin edilir. İzahat verməkdən imtina barədə ayrıca akt tərtib edilir.
3. Həmin gün töhmət növündə intizam tənbeh tədbirinin tətbiqi barədə əmr verilir (əmr nümunəsi əlavə edilir) və əmrlə tanış edilir.
III. Töhmət tətbiq edildikdən sonra pozuntunun təkrarlanması halı davam etdirildikdə:
1. Müvafiq akt tərtib edilir (akt nümunəsi əlavə edilir).
2. Təhsilverəndən izahat istənilir. İzahatında geyim tələblərinə təkrarən əməl etməməsinin səbəbi soruşulur və cavabı ilə birlikdə izahatda yazılması təmin edilir. İzahat verməkdən imtina barədə ayrıca akt tərtib edilir.
3. Həmin gün Pedaqoji şuranın iclası keçirilir, pozuntu müzakirə olunur və əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilir.
4. Həmin gün müəssisənin həmkarlar ittifaqı təşkilatına məktubla müraciət edilir və cavab məktubu ilə razılığı alınır. Müəssisənin həmkarlar ittifaqı təşkilatı razılıq vermədikdə və ya həmin təşkilatın sədri barədə razılıq istənildikdə rayon (şəhər) həmkarlar ittifaqı komitəsinə məktubla müraciət edilib cavab məktubu ilə razılığı alınır.
5. Həmin gün əmək müqaviləsinə xitam verilməsi əmri verilir (əmr nümunəsi əlavə edilir).
Qeyd: həmkarlar ittifaqının razılığının alınması zamanı konkret fakt üzrə çətinlik yarandıqda həmin fakt rəhbərliklə danışılır.
İstifadəsinə yol verilməməli ifadə və davranışlar
Geyim tələblərinin tətbiqi zamanı təhsilverənin şəxsiyyətinə, ləyaqətinə və peşəkar nüfuzuna xələl gətirə biləcək, habelə müəyyən edilmiş normativ tələblərin mahiyyətini dəyişdirən və ya subyektiv yanaşmaya əsaslanan ifadə və davranışlara yol verilməməlidir.
Bu məqsədlə:
təhsilverənin geyimini digər əməkdaşların və ya şagirdlərin geyimi ilə müqayisə etmək, “yaxşı geyinən” və “pis geyinən” kimi subyektiv qiymətləndirmələr aparmaq;
“Belə geyimlə müəllim olmaq olmaz”, “Bu məktəbdə bunu mən qadağan edirəm”, “Başqaları necə geyinirsə, siz də elə geyinin” kimi şəxsi və normativ əsasdan kənar tələblər irəli sürmək;
təhsilverənə qarşı hədələyici, təzyiqedici və ya emosional ifadələr, o cümlədən “Bunu çıxarmasanız, işdən gedəcəksiniz” kimi ifadələr işlətmək;
geyim məsələsini şəxsi, dini və ya siyasi baxışlar üzərindən mübahisələndirmək;
normativ tələblərin məzmununu dəyişdirmək, genişləndirmək və ya həmin tələblərdən kənar əlavə şəxsi tələblər irəli sürmək;
müəyyən edilmiş tələblərin ayrı-ayrı şəxslərə münasibətdə əsassız şəkildə fərqli tətbiq edilməsi və ya əsassız istisnalar yaradılması;
təhsilverənin geyimi ilə bağlı məsələni digər əməkdaşların və ya şagirdlərin qarşısında müzakirə etmək, şəxsi məsələyə çevirmək və ya ictimai müzakirə predmetinə çevirmək;
geyim tələblərinə uyğunsuzluqla bağlı konkret halı sosial şəbəkələrdə paylaşmaq, konkret şəxslə bağlı mövqe açıqlamaq və ya məsələnin ictimai şəkildə yayılmasına səbəb olmaq yolverilməzdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin