
Özbəkistanlı alimlərin MDU-ya səfəri yekunlaşıb
Ali təhsil müəssisələrimizin qlobal akademik inteqrasiyasını, beynəlxalq müəllim-tələbə mübadiləsi proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərdə elmi əməkdaşlıq layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universiteti ilə Özbəkistan Respublikasının Səmərqənd Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində MDU-da səfərdə olan Özbəkistanlı alimlərin iki həftəlik elmi-akademik fəaliyyəti yekunlaşıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səfərdə Səmərqənd Dövlət Universitetinin kafedra dosentləri Dilbər Yarmatova və Tanzila Məcidova iştirak ediblər. İki həftə ərzində qonaq alimlər MDU-nun akademik heyəti ilə elmi-tədqiqat fəaliyyəti aparıb, tələbələr üçün açıq dərslər keçib, qarşılıqlı bilik və təcrübə mübadiləsində iştirak ediblər.
Səfərin yekunu çərçivəsində Dilbər Yarmatova və Tanzila Məcidova MDU tələbələri ilə səmimi görüş keçiriblər. Görüşdə müasir ali təhsilin qarşısında duran vəzifələr, tələbələrin akademik və peşəkar inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaq alimlər MDU-da keçirdikləri müddətlə bağlı təəssüratlarını bölüşərək universitetdə yaradılan akademik mühit, tələbələrin fəallığı barədə fikirlərini bildiriblər. Tələbələrin sualları cavablandırılıb, elm, təhsil, şəxsi inkişaf və gələcək fəaliyyət istiqamətləri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.
İki həftə ərzində həyata keçirilən elmi və akademik fəaliyyətlərin MDU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlığın praktik müstəvidə inkişafına, birgə tədqiqat imkanlarının genişləndirilməsinə və akademik təcrübə mübadiləsinin gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Səfərin sonunda dosentlər Dilbər Yarmatova və Tanzila Məcidovaya sertifikatlar təqdim edilib. Qonaq alimlər MDU-da göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Tərəflər gələcəkdə elmi-tədqiqat, tədris və akademik mübadilə istiqamətlərində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin