
Pedaqoji Universitetinin rektoru NASCO29-da iştirak edib
Ölkəmizdə gənc alimlərin elmi potensialının gücləndirilməsi, ali təhsil müəssisələrinin akademik nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Genişmiqyaslı elmi platformalar, konfrans nəticələrindən xəbərdar olmaq üçün bizi izləyin.
30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində Doktorantların və Gənc Tədqiqatçıların XXIX Respublika Elmi Konfransı keçirilir. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfrans “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Direktor.az xəbər verir ki, konfransın plenar iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov iştirak edib. Eləcə də universiteti təmsil edən 35 nəfər doktorant, dissertant və gənc tədqiqatçı, həmçinin digər yerli və xarici ali təhsil müəssisələrində doktorant olan ADPU əməkdaşları elmi tədqiqatlarının nəticələrini təqdim ediblər. NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgisinə baxış keçirilib.
Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib.
Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov konfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib. NDU-nun rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO 29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib.
NASCO 29-un indiyədək ölkə üzrə keçirilmiş ən genişmiqyaslı elmi konfrans olduğunu vurğulayan rektor konfransın ümumi iştirakçı sayının dinləyicilərlə birlikdə 5000 nəfəri ötəcəyini qeyd edib.
Sonra “Dövlət Proqramı” xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub. Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib. Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Orkestrin ifasında təqdim olunan musiqi nömrələri tədbirin bədii hissəsinə xüsusi rəng qatıb. Qeyd edək ki, NASCO 29 konfransına 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib.
ADPU rəhbərliyinin dəstəyi ilə Magistratura və doktorantura şöbəsinin doktorant və gənc tədqiqatçılarla, kafedralarla və elmi rəhbərlərlə apardıqları iş nəticəsində davamlı irəliləyiş müşahidə olunur. Bu il NASCO 29-da Azərbaycan və xarici ölkələrdən olmaqla, ümumilikdə 123 elm və ali təhsil müəssisəsi arasında tezisi qəbul edilmiş doktorant və gənc tədqiqatçıların sayına görə ADPU 26 nəfərlə 10-cu yerdə qərarlaşıb. Yerli və xarici ali təhsil müəssisələrində doktorant olan 10 nəfər ADPU əməkdaşı ilə birgə ümumi təmsilçi sayı 35 olub. 2025-ci ildə ADPU ümumi iştirakçı sayı nisbətinə görə 5-ci, 2024-cü ildə isə 3-cü olub.
Hibrid (onlayn və əyani) formatda təşkil olunan konfransın 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

