
Qarabağ Universitetinin rektoru əcnəbi müəllimlərlə görüşüb
Təhsil həyatındakı tarixi hadisələri, rəsmi elanları və operativ xəbərləri izləmək üçün direktor.az saytına abunə olun. Təhsil sahəsindəki mühüm prosesləri və qlobal nailiyyətləri qaçırmamaq üçün bizi izləməyə davam edin.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetdə fəaliyyət göstərən əcnəbi müəllimlərlə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüş zamanı rektor müəllimlərlə tanış olub, onların Xankəndidə və Qarabağ Universitetində fəaliyyətə başlamaları ilə bağlı ilk təəssüratlarını öyrənib, qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Rektor müxtəlif ölkələrdən olan müəllimlərin universitetə cəlb edilməsinin tələbələrin fərqli akademik yanaşmalar və beynəlxalq təcrübələrlə tanış olması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ş.Bayramov Xankəndidə fəaliyyət göstərməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, müəllimlərin burada qazandıqları təcrübənin də onların peşəkar fəaliyyətində özünəməxsus yer tutacağına inandığını bildirib.
Əcnəbi müəllimlər Qarabağ Universitetində fəaliyyət göstərməkdən məmnunluq duyduqlarını, Xankəndiyə böyük maraq və həvəslə gəldiklərini bildiriblər. Onlar müxtəlif ölkələrin qabaqcıl universitetlərində qazandıqları beynəlxalq akademik və peşəkar təcrübəni Qarabağ Universitetinə gətirərək tələbələrin təhsilinə və universitetin akademik mühitinin inkişafına töhfə vermək niyyətində olduqlarını qeyd ediblər.
Hazırda Qarabağ Universitetində Türkiyədən 4, Türkmənistandan 4, ABŞ-dən 2, Kanadadan 1, Qırğızıstandan 1, İordaniyadan 1 və Belçikadan 1 əcnəbi müəllim fəaliyyət göstərir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin