
Qazaxıstanda Türk dövlətlərinin qurumları arasında Memorandum imzalanıb
Qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlıq, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son qərarlardan məlumatlı olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Astana şəhərində Qazaxıstanın Milli Test Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sürətlə dəyişən dünyada qəbul imtahanları” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın milli qiymətləndirmə qurumları arasında “Türk Dövlətləri arasında ETOTS Regional Tərəfdaşlıq Təşəbbüsünün yaradılması haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənəd dil qiymətləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə, ingilis dili üzrə imtahanın hazırlanması, keçirilməsi, nəticələrinin tanınması və keyfiyyətinin təmin edilməsi üçün vahid mexanizmin formalaşdırılmasına yönəlib. Bu təşəbbüs ölkələrin ekspert potensialını bir araya gətirməyi və beynəlxalq yanaşmalara uyğun əlavə regional qiymətləndirmə alətinin yaradılmasını nəzərdə tutur. DİM adından sənədi imzalayan İdarə Heyəti sədrinin müavini B.Xəlilov atılan bu addımın Türk Dövlətlərinin qiymətləndirmə qurumları arasındakı mövcud əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük əhəmiyyətə malik olduğunu bildirib. Tədbir zamanı həmçinin qeyd edilmişdir ki, bu sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan ilk addımlardan biri 10 aprel 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın imtahan və qiymətləndirmə qurumları arasında Niyyət Protokolunun imzalanması olub. Protokol əməkdaşlığın ümumi istiqamətlərini və prioritet sahələrini müəyyən etsə də, bu məqsədlərə çatmaq üçün konkret istiqamətlər üzrə strukturlaşdırılmış mexanizmin yaradılmasına ehtiyac vardır və beləliklə, imzalanan bu Memorandum bu istiqamətdə atılmış növbəti əhəmiyyətli addımıdır.
İki gün davam edən tədbir sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun olaraq ali təhsil müəssələrinə qəbul imtahanlarının məzmununun yenilənməsi, eləcə də süni intellekt və rəqəmsal qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Konfrans çərçivəsində müxtəlif ölkələrin qiymətləndirmə qurumlarının, həmçinin beynəlxalq qiymətləndirmə təşkilatlarının nümayəndələri öz təcrübələri barədə çıxışlar ediblər. Konfrans zamanı DİM-in Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov “Yüksək əhəmiyyətli imtahanlarda yuxarı səviyyəli bacarıqların qiymətləndirilməsi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda DİM-in yazı işlərinin qiymətləndirilməsi, ingilis dili üzrə qiymətləndirmə və dövlət qulluğunda sərişt əsaslı qiymətləndirmə istiqamətlərində qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin