
SDU-da 4 xarici universitetin iştirakı ilə konfrans keçiriləcək
Süni intellektin tətbiqini, universitet-sənaye əməkdaşlığını izləmək üçün direktor.az-a abunə olun. Beynəlxalq konfranslar, elmi tezislərin qəbulundan xəbərdar olmaq üçün bizi izləyin.
17–18 dekabr 2026-cı il tarixlərində Sumqayıt Dövlət Universitetində (SDU) “Kimya Mühəndisliyi və Ətraf Mühitin Dayanıqlılığı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Konfrans Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “SOCAR Downstream Management” MMC, “SOCAR Polymer” MMC, İstanbul Texniki Universiteti (Türkiyə), Hexi Universiteti (Çin), İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti (Özbəkistan) və Torayqırov Universitetinin (Qazaxıstan) birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransın əsas məqsədi kimya mühəndisliyi və ətraf mühitin dayanıqlı inkişafı sahələrində əldə olunan müasir elmi nailiyyətlərin, innovativ texnologiyaların və qabaqcıl tədqiqat nəticələrinin müzakirəsi, beynəlxalq elmi təcrübə mübadiləsinin genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də ekoloji problemlərin həllinə yönəlmiş dayanıqlı və innovativ yanaşmaların təşviqidir.
Konfrans çərçivəsində aşağıdakı elmi istiqamətlər üzrə məruzələrin dinlənilməsi və müzakirəsi nəzərdə tutulur:
- Kimya mühəndisliyində süni intellekt və rəqəmsal transformasiya;
- Ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin azaldılması texnologiyaları;
- Enerji sistemləri və enerji texnologiyaları;
- Kimya mühəndisliyində proses texnologiyaları və sənaye innovasiyaları;
- Dayanıqlı kimya, materialşünaslıq və qabaqcıl materiallar texnologiyaları.
Konfransın elmi istiqamətləri üzrə təqdim edilən tezislər müvafiq sahələrdə aktual elmi və texnoloji problemləri əhatə etməli, konkret tədqiqat nəticələrinə və elmi yeniliyə əsaslanmalıdır. Təqdimatlarda mövcud elmi tədqiqatlarla müqayisəli təhlilə, əldə olunan nəticələrin nəzəri və praktiki əhəmiyyətinin əsaslandırılmasına xüsusi diqqət yetirilməlidir. Qeyd edək ki, konfransın işçi dili ingilis dilidir. Konfrans, iştirak şərtləri və tezislərin təqdim olunması qaydaları haqqında ətraflı məlumatla https://iccees.sdu.edu.az/ internet səhifəsində tanış olmaq mümkündür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

