
Tələbələrin 79,5%-i akkreditasiyadan məlumatı yoxdur
Gənclərin maarifləndirilmə təşəbbüslərini və təhsil sahəsindəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Keyfiyyət təminatı mexanizmləri, elmi tədqiqatlardan xəbərdar olmaq üçün bizi izləyin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyində təcrübə keçən, Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə həyata keçirdiyi “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə ikili diplom proqramının magistrantları ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüşdə tələbələr təcrübə müddətində təhsilalanlar kimi apardıqları araşdırmaların nəticələri ilə bağlı təqdimatla çıxış ediblər.
İki istiqamətdə aparılan araşdırmanın birinci hissəsi akkreditasiya qərarından sonra həyata keçirilən izləmə prosesinin yerli və beynəlxalq təcrübə əsasında müqayisəli təhlilini əhatə edib. Təcrübəçi tələbələr Finlandiya, İrlandiya, Türkiyə və Qazaxıstanın təcrübəsini təhlil edərək, mövcud yerli izləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim ediblər. Eyni zamanda, izləmə prosesinin Azərbaycan modeli də müqayisəli şəkildə təqdim olunub. Çıxışlarda beynəlxalq təcrübəyə əsaslanaraq izləmə hesabatlarının şəffaflığının artırılması, universitetlərarası təcrübə mübadiləsinin təşviqi və müvafiq metodiki sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Qeyd edək ki, araşdırmanın ikinci hissəsi ali təhsil müəssisələrində, təhsilalanlar arasında aparılmış akkreditasiya prosesi ilə bağlı əyani sorğunun nəticələrini əhatə edib. Ümumilikdə 15 ali təhsil müəssisəsindən, 200 tələbənin iştirak etdiyi sorğuda gənclərin akkreditasiya anlayışı və təhsil aldıqları müəssisənin akkreditasiya statusu haqqında məlumatlılıq səviyyəsi ölçülüb. Yekunda, iştirakçıların 79,5%-nin akkreditasiya anlayışı barədə məlumatlı olmadığı, yalnız 8,5%-nin isə təhsil aldığı müəssisənin akkreditasiya statusunu bildiyi müəyyən edilib. Əldə olunan göstəricilər əsasında tələbələrin akkreditasiya prosesləri barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

