
Tibb Universitetində Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetində (ATU) Pakistan Baş Nazirinin Gənclər Proqramının (PMYP) Baş direktoru Dr. Syed Shahbaz Hussainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə gənclərin məşğulluğu, peşəkar inkişafı, eləcə də tibb təhsili və gənclər siyasəti sahələrində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.
ATU-nun prorektorları — Təlim-tərbiyə işləri üzrə prorektor Mahir Səfərov və Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayevin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan yaxın münasibətlər xüsusi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən elm, təhsil və səhiyyə istiqamətlərində əlaqələr uğurla inkişaf edir.
Görüş zamanı ATU-nun müasir tədris sistemi, beynəlxalq əlaqələri, universitetdə təhsil alan əcnəbi, o cümlədən pakistanlı tələbələr üçün yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin, pakistanlı tələbələrin tədris prosesində və ali məktəbin ictimai-mədəni həyatındakı yüksək fəallığı xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, ATU-nun Pakistanın aparıcı tibb ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl işlər aparılır, eyni zamanda müxtəlif fənlər üzrə birgə tədris və akademik əməkdaşlıq sahəsində zəngin təcrübə mövcuddur. Xüsusən universitetin Data-analitika və Süni İntellekt Laboratoriyası, buradakı innovativ texnoloji imkanlar, eləcə də tibbi tədqiqatlara süni intellektin inteqrasiyası üzrə aparılan işlər və gələcək hədəflər barədə qonaqlara geniş təqdimat edilib.
Öz növbəsində Dr. Syed Shahbaz Hussain səmimi qəbula görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi proqramın fəaliyyət istiqamətlərindən danışıb və tələbə-gənclər mübadiləsi, birgə layihələrin icrası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Görüş tərəflər arasında potensial əməkdaşlıq istiqamətlərinin, xüsusilə innovasiya, tibbi texnologiyalar və akademik mübadilə sahələrində yeni təşəbbüslərin müzakirəsi ilə yekunlaşıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

