
Tibb Universitetinin professoru Praqada ölkəmizi təmsil edib
Ölkəmizin səhiyyə və tibb mütəxəssislərinin qlobal elmi nailiyyətlərini, ali təhsil müəssisələrinin beynəlxalq inteqrasiyasını izləmək üçün direktor.az-a abunə olun. Elm və tibb təhsili idarəçiliyi, akademik ictimaiyyətdə baş verən rəsmi xəbərlərüçün bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva Praqada keçirilən “FDI Ümumdünya Stomatoloji Konqresi – 2026”-da Azərbaycanı təmsil edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Konqres Beynəlxalq Stomatoloqlar Federasiyası və Çex Stomatoloji Palatasının birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq tədbir çərçivəsində ATU professoru Dünya Stomatoloji Parlamentinin iclaslarında və Baş Assambleyada iştirak edib. Müzakirələr zamanı Azərbaycanın stomatologiya sahəsində həyata keçirilən elmi tədqiqatlar, təhsil müəssisələri ilə əməkdaşlıq və milli stomatoloji assosiasiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
O, Avropa Regional Təşkilatının Plenar Sessiyası və işçi qruplarının iclaslarında da iştirak edib. Görüşlərdə Avropa stomatologiya təşkilatları arasında peşəkar və regional əməkdaşlığın genişləndirilməsi və sahə üzrə aktual məsələlər müzakirə olunub.
Rəna Əliyeva Milli Əlaqələndiricilər Forumunda iştirak edərək Azərbaycanın ağız və diş sağlamlığı sahəsində həyata keçirdiyi tədbirlər barədə beynəlxalq həmkarlarına məlumat verib.
Beynəlxalq tədbir çərçivəsində qadın stomatoloqların peşəkar inkişafı və əməkdaşlığının dəstəklənməsinə həsr olunmuş Dünya üzrə Qadın Stomatoloqların İllik Toplantısı da keçirilib. 140-dan çox iştirakçının qatıldığı toplantıda qadın stomatoloqlar arasında peşəkar əlaqələrin gücləndirilməsi və onların stomatologiyanın müxtəlif sahələrində iştirakının təşviqi ilə bağlı məsələlər müzakirə olunub.
Sənaye sərgisində stomatologiya sahəsində ən son məhsul, avadanlıq, texnologiya və innovativ həllər nümayiş etdirilib. Nümayəndə heyəti müasir stomatoloji texnologiyalar və sahənin yeni inkişaf istiqamətləri ilə tanış olub.
Konqresin xüsusi sərgi zonasında məktəbəqədər və məktəb yaşlı uşaqların ağız sağlamlığı ilə bağlı aparılmış araşdırmaların nəticələri təqdim olunub.
Təqdimatda uşaqlar arasında ağız sağlamlığının vəziyyəti, kariyes və digər diş-ağız xəstəliklərinin yayılmasına dair statistik göstəricilər, mövcud problemlər və onların qarşısının alınması istiqamətində təklif olunan həll yolları barədə məlumat verilib. Azərbaycanın təqdimatı sərgi iştirakçıları və beynəlxalq qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin