
Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi QAYDASI

Məktəbşünas
Müəllif
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi QAYDASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir.
1.2. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə bitirən, həmçinin peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı tam orta təhsil almış şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat (attestata əlavə ilə birlikdə) verilir.
1.3. Ümumi təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
1.4. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
1.5. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı (o cümlədən attestata əlavə), digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat (o cümlədən attestata əlavə) verilir.
1.6. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş nişanla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.
2. Ümumi təhsil haqqında dövlət sənədlərinin təsviri və verilməsi
2.1. Ümumi orta və tam orta təhsil haqqında attestat məzunlar ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır.
2.2. Attestat və attestata əlavə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən TMİS-ə ötürülən və TMİS-də formalaşan məlumatlar əsasında hazırlanır.
2.3. Attestatda aşağıdakılar göstərilir:
2.3.1. “Azərbaycan Respublikası” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;
2.3.2. attestatın növü (adi, fərqlənmə və xüsusi nümunəli);
2.3.3. attestatın seriyası və nömrəsi (TMİS tərəfindən verilir);
2.3.4. attestatalanın soyadı, adı, atasının adı və doğulduğu tarix;
2.3.5. ümumi təhsil müəssisəsinin adı;
2.3.6. attestatalanın ümumi təhsil müəssisəsini bitirdiyi il;
2.3.7. attestatın verildiyi tarix;
2.3.8. attestatın həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.4. Attestata əlavədə aşağıdakılar göstərilir:
2.4.1. attestatalanın soyadı, adı və atasının adı;
2.4.2. attestatalanın fərdi identifikasiya nömrəsi (olduğu halda);
2.4.3. attestatalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;
2.4.4. ümumi təhsil müəssisəsinin adı;
2.4.5. təhsil müəssisəsini bitirdiyi il;
2.4.6. təhsilalma forması;
2.4.7. tədris dili;
2.4.8. təlim nəticələri;
2.4.9. təmayülün istiqaməti (olduğu halda);
2.4.10. sadələşmiş və ya uyğunlaşdırılmış təhsil proqramı (sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə);
2.4.11. təhsil səviyyəsi üzrə tədris olunan fənlərin adı, hər bir fənn üzrə saatların ümumi miqdarı və hər bir fənn üzrə təhsilalanın buraxılış sinfinin yekun (illik) qiymətləri (balları), buraxılış imtahanının balları;
2.4.12. dərsdənkənar məşğələ saatları;
2.4.13. korreksiyaedici məşğələlərin saatları (sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə);
2.4.14. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə kvalifikasiya səviyyəsi;
2.4.15. attestatın növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq hüququ verdiyinə dair qeyd;
2.4.16. attestata əlavənin həqiqiliyini yoxlamaq üçün ştrix kod.
2.5. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında təqdim olunan attestata həmin fənlər üzrə yekun (illik) qiymətlər (ballar) və saatların ümumi miqdarı qrafalarına (-) yazılır.
2.6. Sağlamlıq imkanları məhdud olan şəxslərə ümumi orta və tam orta təhsil səviyyələrində təqdim olunan attestatda tədris planlarında nəzərdə tutulmayan fənlər üzrə yekun (illik) qiymətlər (ballar) və saatların ümumi miqdarı qrafalarına (-) yazılır.
2.7. Attestatda və attestata əlavədə bütün məlumatlar Azərbaycan dilində yazılır. Attestatalanın müraciəti ilə təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.
2.8. Attestat ümumi təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
2.9. Elektron sənəd formasında yaradılan attestat və attestata əlavə attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) EHİS-dəki elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilməklə ona təqdim edilir.
2.10. Aşağıdakı hallarda attestatın verilməsindən imtina edilir:
2.10.1. şəxsin ümumi təhsil müəssisəsinə qəbulu və sinifdən-sinfə keçirilməsi qanunvericiliyə uyğun olmadıqda;
2.10.2. şəxs ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə yekun attestasiyada iştirak etmədikdə;
2.10.3. təhsil sənədi itən, məhv olan və ya korlanan şəxslərin müvafiq arxiv sənədləri mövcud olmadıqda;
2.10.4. bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan məlumatlar onların hüquqi əsasını təşkil edən sənədlərlə uyğunsuzluq yaratdıqda.
2.11. İmtina barədə qərar bu Qaydanın 2.8-ci bəndinə əsasən təsdiq edilir və ərizəçinin elektron kabinetində yerləşdirilir. Bu Qaydanın 2.10.3-cü və 2.10.4-cü yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra attestatın alınması üçün yenidən müraciət edilə bilər.
2.12. Attestatalan (attestatalanın valideynləri və ya digər qanuni nümayəndələri) elektron kabinetində yerləşdirilən attestatı və attestata əlavə elektron qaydada tələb olunan ünvanlara göndərə və ya kağız formasında çap edə bilər.
2.13. Attestatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
2.14. Attestatın və attestata əlavənin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
3. Ümumi təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi
3.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan attestatın dublikatı verilir.
3.2. Ərizəçi elektron kabinetinə daxil olaraq attestatın dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş attestatla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və onu təsdiq edir.
3.3. Ərizəçi elektron kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
3.4. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizədə və ya sənədlərdə qeyri-dəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
3.5. Attestatın dublikatı arxiv sənədləri (əmr, Pedaqoji Şuranın qərarı, təhsil sənədlərinin verilməsinin uçotu və qeydiyyatı kitabı) əsasında tərtib olunur.
3.6. Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq attestatın dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
3.7. Attestatın dublikatı bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq (ümumi təhsil müəssisəsi yenidən təşkil edildiyi halda, həmin müəssisənin hüquqi varisi olan ümumi təhsil müəssisəsinin, ləğv olunduğu halda isə müvafiq təhsili idarəetmə orqanının müəyyən etdiyi ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
3.8. İtirilmiş attestatın və attestata əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
4. Ümumi təhsil haqqında dövlət sənədlərinin ləğv edilməsi və yenidən tərtib edilməsi
4.1. Attestatalan (attestatalanın valideynləri və ya digər qanuni nümayəndələri) tərəfindən təhsil haqqında dövlət sənədlərində səhv məlumatlar aşkar edildiyi halda, attestatalan (attestatalanın valideynləri və ya digər qanuni nümayəndələri) dərhal elektron kabinetinə daxil olaraq yenidən tərtib edilmiş attestatın verilməsi üçün elektron ərizəni doldurur və onu təsdiq edir.
4.2. Ərizəçi mövcud attestatda (və ya attestata əlavədə) səhv göstərilmiş məlumatları ərizədə qeyd etməli və ya bununla bağlı təsdiqedici sənədləri (olduğu halda) elektron kabinetə yükləməlidir. Müraciətə 15 (on beş) iş günü ərzində baxılır.
4.3. Mövcud təhsil haqqında dövlət sənədlərində səhv göstərilmiş məlumatlar digər mənbələr (hüquq mühafizə orqanları, işəgötürənlər və s.) tərəfindən aşkar edildiyi halda, həmin mənbələrin bununla bağlı rəsmi müraciətlərinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul olan müvafiq qurumu tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.
4.4. Öz təsdiqini tapmayan və hüquqi əsası olmayan məlumatlar əsasında elektron qaydada yaradılmış attestat ləğv edilir. Elektron qaydada yaradılmış attestaın ləğv edilməsi və ya dəqiqləşdirilmiş məlumatlar əsasında attestatın yenidən elektron qaydada tərtib edilməsi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə rəsmiləşdirilir, TMİS-ə daxil edilir və təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş imzası ilə təsdiqlənir. Dəqiqləşdirilmiş məlumatlar əsasında yenidən elektron qaydada yaradılan attestat isə eyni identifikasiya nömrəsi ilə generasiya olunur. Hər iki halda nəticələr barədə məlumat ərizəçinin elektron kabinetində yerləşdirilir.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin