
Ümumi təhsil haqqında Qanun IV və V Fəsil - ÜMUMİ TƏHSİLİN İQTİSADİYYATI
Məktəbşünas
Müəllif
4-cü fəsil. ÜMUMİ TƏHSİLİN İQTİSADİYYATI.
Maddə 29. Ümumi təhsil sistemində mülkiyyət münasibətləri
29.1. Ümumi təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçi (təsisçilər), hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də bu Qanunda və nizamnaməsində əksini tapan fəaliyyət nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
29.2. Ümumi təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
29.3. Ümumi təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsait, həmçinin qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
29.4. Dövlət ümumi təhsil müəssisəsinin özəlləşdirilməsinə, ümumi təhsil müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.
29.5. Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir.
Maddə 30. Ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi
30.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, ümumi təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
30.1.1. dövlət büdcəsinin vəsaiti;
30.1.2. təsisçinin (təsisçilərin) vəsaiti;
30.1.3. dövlət fondlarının vəsaiti;
30.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsait;
30.1.5. kreditlər, qrantlar, ianələr;
30.1.6. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
30.1.7. qanuna və nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.
30.2. Dövlət ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi maliyyə normativlərinə əsasən həyata keçirilir.
30.3. Dövlət ümumi təhsil müəssisəsinin əldə etdiyi büdcədənkənar vəsait ona dövlət büdcəsindən ayrılan vəsaitin miqdarına təsir göstərmir və nizamnaməsinə uyğun sərbəst istifadə edilir.
30.4. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
30.5. Dövlət, ümumi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi üçün qrantlar ayrılmasını təmin edir.
30.6. Özəl ümumi təhsil müəssisəsi öz maliyyə vəsaitini sərbəst idarə edir.
30.7. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində təhsil haqqının məbləği təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edilir.
30.8. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
30.9. Ümumi təhsil müəssisəsinin əldə etdiyi vəsait bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən təhsilalanların stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
Maddə 31. Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti
31.1. Ümumi təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi sahibkarlıq növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər.
31.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.
31.3. Ümumi təhsil müəssisəsinin işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
31.4. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi vəsait bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
31.5. Ümumi təhsil müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
5-ci fəsil. YEKUN MÜDDƏALAR
Maddə 32. Ümumi təhsil sahəsində beynəlxalq əməkdaşlıq
32.1. Ümumi təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
32.2. Ümumi təhsil müəssisəsinin bu Qanuna, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, beynəlxalq təcrübədən yararlanmaq, xarici ölkələrin ümumi təhsil müəssisələri, təşkilatları və fondları ilə əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək hüququ vardır.
Maddə 33. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2019-cu il № 1532-VQ
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
