
ADNSU-da aviasiya sektorunda rəqəmsallaşma və karyera imkanları müzakirə olunub
Ali məktəblərdə tələbələrin peşəkar inkişafına yönəlmiş görüşləri, karyera layihələrini izləmək üçün direktor.az-a abunə olun. Tələbələrə yaradılan yeni perspektivlər, universitet-sənaye əməkdaşlığından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə aviasiya sektorunda rəqəmsallaşma, data idarəçiliyi və rəqəmsal məhsulların yaradılması mövzularına həsr olunan “Avia talks” görüşlər seriyasının ikinci tədbiri keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Aviasiya sahəsinə maraq göstərən tələbələri sektorun peşəkarları ilə bir araya gətirən görüşün əsas məqsədi iştirakçıları aviasiyada rəqəmsal proseslər, məlumatların idarə olunması və bu istiqamətdə mövcud karyera imkanları ilə tanış etmək olub.
Tədbirdə spiker qismində Rəqəmsal Kommersiya İdarəsinin rəisi Vasif Məmmədov və Müştəri Əlaqələri və Məlumatların İdarəedilməsi İdarəsinin rəisi Vüsalə İsayeva çıxış ediblər. Görüş zamanı spikerlər aviasiya sektorunda rəqəmsal məhsulların yaradılması, məlumatların toplanması və təhlili, data əsaslı qərarların qəbul edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən komandaların iş prinsipləri haqqında ətraflı məlumat veriblər.
İnteraktiv formatda davam edən görüşdə tələbələr spikerlərə birbaşa suallar ünvanlayaraq aviasiyanın rəqəmsal istiqamətində tələb olunan peşəkar bacarıqlar, müvafiq sahələrdə iş imkanları və karyera perspektivləri barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, “Avia Talks” aviasiya sektorunun peşəkarları ilə tələbələr arasında bilik və təcrübə mübadiləsini təşviq edən görüşlər seriyasıdır. Layihənin əsas məqsədi gənclərin aviasiya sahəsi haqqında məlumatlılığını artırmaq, onları sektorun real iş mühiti ilə tanış etmək və gələcək karyera seçimlərinə dəstək göstərməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

