
BŞTİ-nin tabeliyindəki məktəbdə “Ağ xalatlı qəhrəmanlar” tədbiri keçirilib
Məktəblilərdə milli-mənəvi dəyərləri formalaşdıran təşəbbüsləri, təhsil sistemindəki ictimai layihələri izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil müəssisələrindəki aktual proseslər, rəsmi qərarlardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 nömrəli tam orta ümumtəhsil məktəbində Zəfər Gününə həsr olunmuş “Ağ xalatlı qəhrəmanlar” adlı tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Tədbirdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Azərbaycan Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Sağlamlıq Mərkəzinin baş həkiminin müavini Günay İsmayılova, şəhid ailələri, qazilər, həkimlər, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qonaqları salamlayan məktəbin direktoru Leyla Fətiyeva bildirib ki, tədbir Vətən Müharibəsi zamanı cəbhədə yaralanan hərbçilərin həyatını xilas etmək üçün mübarizə aparan, öz həyatlarını təhlükəyə ataraq yaralı əsgərlərə şəfa verən həkimlərin, tibb işçilərinin fədakarlığına həsr olunub.
Azərbaycan Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Sağlamlıq Mərkəzinin baş həkiminin müavini Günay İsmayılova çıxış edərək Vətən Müharibəsinin tarixi əhəmiyyəti, xalqımızın birlik və həmrəyliyi barədə şagirdlərə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, zəfər tarixi döyüş meydanları ilə bərabər, həm də yaralı əsgərlərin həyatını xilas etmək üçün gecə-gündüz çalışan ağ xalatlı qəhrəmanların fədakarlığı ilə yazılıb. Daha sonra şagirdlərin ifasında öz peşə borclarını böyük məsuliyyət və cəsarətlə yerinə yetirən həkimlərin əzmkarlığından və humanist missiyasından bəhs edən “Ağ xalatlı qəhrəmanlar” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi yaddaşın qorunması, qəhrəmanlıq və humanizm dəyərlərinin aşılanmasından ibarətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

