
AzTU əməkdaşı IV “Maarifçi” Tələbə-Məzun Forumunda çıxış edib
Ali təhsil müəssisələrində keçirilən praktiki təlimlər və layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun və Süni İntellekt Əsaslı Mühəndislik Təhlükəsizliyi Mərkəzinin direktoru Rahid Ələkbərli Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən SABAH.city innovasiya şəhərciyində keçirilən IV “Maarifçi” Tələbə-Məzun Forumunda çıxış edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. O, süni intellekt texnologiyalarının tətbiqi zamanı düzgün istifadə, etik prinsiplərin qorunması və əldə olunan nəticələrin etibarlılığının təmin edilməsinin vacibliyindən danışıb.
Bildirib ki, süni intellekt sistemlərinin imkanları genişləndikcə bu texnologiyalarla işləmək üçün zəruri olan bilik və bacarıqlar da dəyişir. Süni intellekt alətlərindən səmərəli istifadə yalnız uyğun platformanın seçilməsi ilə məhdudlaşmır. İstifadəçinin problemi düzgün müəyyənləşdirməsi, məqsədəuyğun sorğu (prompt) hazırlaması, sistemə təqdim etdiyi məlumatların keyfiyyətinə diqqət yetirməsi və əldə olunan nəticələri tənqidi qiymətləndirməsi mühüm əhəmiyyət daşıyır.
Rahid Ələkbərli qeyd edib ki, qeyri-dəqiq, natamam və ya yanlış kontekstdə formalaşdırılmış sorğular süni intellekt sistemlərinin qeyri-dəqiq cavablar, yanlış nəticələr və faktoloji xətalar yaratmasına səbəb ola bilər. Buna görə də prompt mühəndisliyi süni intellektlə effektiv qarşılıqlı əlaqənin mühüm elementlərindən biri hesab edilməlidir. Sorğunun məqsədi, konteksti, məhdudiyyətləri və gözlənilən nəticə aydın müəyyənləşdirildikdə alınan cavabların faydalılığı və uyğunluğu da artır.
O, eyni zamanda vurğulayıb ki, süni intellekt tərəfindən təqdim olunan nəticələr avtomatik olaraq doğru və etibarlı informasiya kimi qəbul edilməməlidir. Xüsusilə elmi tədqiqatlarda, mühəndislik layihələrində, kibertəhlükəsizlikdə və digər yüksək məsuliyyət tələb edən sahələrdə əldə olunan məlumatların ilkin mənbələrlə müqayisəsi, faktların yoxlanılması, metodoloji təhlili və müstəqil qiymətləndirilməsi vacibdir. Süni intellektin yaratdığı cavablar qərarvermə prosesinə dəstək verə bilər, lakin ekspert təhlilini və insan məsuliyyətini əvəz etməməlidir.
Süni intellektdən istifadənin etik tərəflərinə toxunan Rahid Ələkbərli məlumatların məxfiliyinin qorunması, şəxsi və həssas informasiyanın təhlükəsizliyi, alqoritmik qərəzliliyin nəzərə alınması, şəffaflıq və nəticələrə görə məsuliyyət prinsiplərinin əhəmiyyətini diqqətə çatdırıb. Onun sözlərinə görə, texnologiyanın imkanlarından istifadə etməklə yanaşı, onun yarada biləcəyi riskləri əvvəlcədən qiymətləndirmək və müvafiq nəzarət mexanizmləri formalaşdırmaq lazımdır.
Rahid Ələkbərli müasir dövrdə kadr potensialının yenilənməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, süni intellekt, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və bulud texnologiyalarının təhlükəsizliyi artıq yalnız dar ixtisas sahələrinin deyil, yeni süni intellekt erasının müasir mütəxəssisləri üçün zəruri bilik və kompetensiyaların tərkib hissəsinə çevrilir. Bu istiqamətlər üzrə biliklərin müxtəlif ixtisaslara inteqrasiyası, mütəxəssislərin davamlı təlimi və yeni texnoloji çağırışlara uyğun bacarıqların formalaşdırılması gələcək əmək bazarının əsas tələblərindəndir.
O, həmçinin gəncləri Azərbaycan Milli Dil Korpusunun yaradılması istiqamətində aparılan işlərə qoşulmağa və bu təşəbbüsə töhfə verməyə çağırıb. Qeyd edib ki, Azərbaycan dilinin geniş, sistemləşdirilmiş və rəqəmsal istifadəyə yararlı dil resurslarının formalaşdırılması süni intellekt texnologiyalarının ana dilimizdə inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər yalnız texnoloji və elmi məqsədlərə xidmət etmir, eyni zamanda milli-mənəvi və mədəni irsimizin qorunması, inkişaf etdirilməsi, sürətlə rəqəmsallaşan dünyada Azərbaycan dilinin və milli dəyərlərimizin mövqeyinin möhkəmləndirilməsi, onların gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

