
BDU-da kibertəhlükəsizlik mövzusunda görüş keçirilib
Ali təhsil müəssisələrində kibertəhlükəsizlik, karyera inkişafı istiqamətində təşkil edilən layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, akademik innovasiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusunda maarifləndirici sessiya keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Bakı Texnologiya Mərkəzinin direktoru Sürəyya Cavadova, BDU-nun SABAH qruplarının dekanı Səbinə Ömərova və İnformatika kafedrasının müdiri Mübariz Xəlilov çıxışlarında informasiya təhlükəsizliyinin hər bir ölkədə vacib olduğunu qeyd edib, tələbələrin bu sahədə karyera imkanları barədə məlumatlandırılmasının önəmini diqqətə çatdırıblar.
Proqram çərçivəsində kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin təqdimatları dinlənilib. “Proxima Cyber Security” MMC-nin baş informasiya təhlükəsizliyi direktoru Kamran Kərimli “AI Governance & Audit” mövzusunda çıxış edərək süni intellekt sistemlərinin idarə olunması və audit məsələlərindən bəhs edib. “Proxima Cyber Security” MMC-nin hücum təhlükəsizliyi üzrə rəhbəri Elman Əlizadə “Kibertəhlükəsizlikdə karyera: Pentest və Red Team-ə necə başlamaq olar?” adlı təqdimatında bu istiqamətdə peşəkar fəaliyyətə başlamaq üçün tələb olunan bilik və bacarıqlar, inkişaf imkanları və karyera yolları barədə məlumat verib. “Proxima Cyber Security” MMC-nin Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Zöhrab Seyidli isə “You’ve Been Hacked: hücumun ilk 60 dəqiqəsində nə baş verir?” mövzusunda çıxışında kibertəhlükəsizlik insidentləri zamanı ilkin mərhələdə görülən tədbirlər və praktik yanaşmalar haqqında danışıb.
Görüş interaktiv formatda təşkil olunub. Təqdimatlar zamanı real praktik situasiyalar və kibertəhlükəsizlik sahəsində mütəxəssislərin peşəkar təcrübələri tələbələrlə bölüşülüb.
Tədbirin sonunda tələbələr onları maraqlandıran məsələlərlə bağlı mütəxəssislərə suallar ünvanlayıb, kibertəhlükəsizlik sahəsində təhsil və peşəkar inkişaf imkanları barədə fikir mübadiləsi aparıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin