
BDU və ADA-nın tərəfdaşlığı ilə BMT-nin İqlim Konfransı keçirilib
BDU və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilən Gənclər Konfransı və qəbul olunan Milli Gənclər Bəyanatı haqqında ən son yeniliklərdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığını, gənclərin ekoloji təşəbbüslərini və iqlim siyasətinə töhfələrini yaxından izləmək üçün bildirişləri aktiv edin.
BDU və ADA Universitetinin tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Gənclər Konfransı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rəsmi facebook hesabında məlumat paylaşılıb. BDU və ADA Universitetinin tərəfdaşlığı, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ikinci dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” baş tutub. İkigünlük tədbir eyni zamanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə dəstəyi ilə reallaşıb.
Ali təhsil ocaqlarının fəal təşkilati və akademik dəstəyi ilə keçirilən konfransın birinci günü sentyabrın 11-də ADA Universitetində start götürüb. Açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu, deputat Nigar Arpadarai, FAO-nun ölkə təmsilçisinin müavini Bariz Mehdiyev, “Regional İnkişaf” İB-nin şöbə müdiri Adilə Əliyeva və “EkoSfera” Mərkəzinin rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə çıxış ediblər. Natiqlər iqlim böhranına qarşı mübarizədə gənclərin rolu və qərarvermə prosesində iştirakının əhəmiyyətini önə çəkiblər. Rəsmi hissə ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı, professor Matteo Vittuarinin video mesajı ilə tamamlanıb.
Plenar panellərlə davam edən birinci günün ardından konfransın ikinci hissəsinə Bakı Dövlət Universiteti ev sahibliyi edib. Sentyabrın 12-də BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində təşkil olunan sessiyalarda respublikanın müxtəlif bölgələrindən gələn gənclərin iştirakı ilə Milli Gənclər Bəyanatının hazırlanması və müzakirəsi aparılıb. Mütəxəssislərin çıxışları və tematik panellərdən sonra iştirakçıların təklif və prioritetlərini birləşdirən bəyanat konsensusla qəbul edilib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi gənclər qolu olan YOUNGO-nun təşəbbüsü ilə dünyanın 50-dən çox ölkəsində təşkil edilən LCOY platforması gənclərin qlobal ekoloji gündəmə və iqlim siyasətinə töhfə verməsi üçün mühüm beynəlxalq mexanizmdir. “EkoSfera” Mərkəzi YOUNGO-nun LCOY İş Qrupu tərəfindən ardıcıl ikinci ildir ki, Azərbaycanda bu tədbirin əsas təşkilatçısı kimi seçilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin