
DİM-də rəqəmsal inkişaf istiqamətində görülən işlər müzakirə olunub
Pedaqoji kadrların peşəkar hazırlığının gücləndirilməsi, qiymətləndirmə prosesində müasir yanaşmaların tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Təhsilverənlərin ixtisasartırma kursları, fənn proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
18 noyabr Dövlət İmtahan Mərkəzində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin müvafiq normativ hüquqi aktlarda, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” və DİM-in 2026 – 2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası, mövcud rəqəmsal həllərin təkmilləşdirilməsi və yeni texnoloji imkanların tətbiqi məsələləri müzakirə olunub.
Görüşdə DİM-in informasiya sistemləri və elektron xidmətlərinin dövlətin vahid rəqəmsal arxitekturasına inteqrasiyası, “mygov ID” və “Digital Bridge” platformalarına qoşulma, elektron xidmətlərin “Mygov” və “Mygov Biznes” platformaları vasitəsilə təqdim edilməsi, eləcə də dövlət informasiya sistemlərinin “Hökumət buludu”na miqrasiyası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Dövlət qulluğu sahəsində rəqəmsal həllərin inkişafı da müzakirə olunan əsas məsələlərdən olub. Bu çərçivədə dövlət qulluqçularının şəxsi işlərinin elektron qaydada aparılması, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, dövlət qulluqçularının reyestri ilə bağlı proseslərin təkmilləşdirilməsi və müvafiq məlumat sistemləri arasında inteqrasiyanın təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, doktoranturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin təqdim edilməsi üzrə elektron xidmətlərin “Mygov” platformasına inteqrasiya məsələləri də müzakirə olunub.
Həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi çərçivəsində ödəniş proseslərinin avtomatlaşdırılması və əl ilə həyata keçirilən əməliyyatların aradan qaldırılması istiqamətində məsələlər danışılıb.
Daha sonra rəqəmsal inkişafın mühüm istiqamətlərindən biri kimi süni intellekt texnologiyalarının DİM-in fəaliyyətində tətbiqi imkanları müzakirə edilib. Bu istiqamətdə imtahan məzmununun keyfiyyət təminatında, yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsində, vətəndaşlara informasiya dəstəyinin göstərilməsində və müraciətlərin cavablandırılmasında süni intellekt əsaslı həllərin tətbiqi nəzərdə tutulur.
Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi, kibertəhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi, sistemlərin dayanıqlılığının təmin edilməsi, eləcə də rəqəmsal layihələrin səmərəli idarə olunması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda rəqəmsal inkişaf üzrə nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi və müasir texnologiyaların DİM-in fəaliyyətinə tətbiqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

