
DİM Portuqaliyada keçirilən konfransda təmsil olunub
Qlobal standartlara uyğunlaşdırılan imtahan prosesləri və təhsil sahəsindəki digər mühüm yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sistemindəki aktual xəbərləri və rəsmi elanları qaçırmamaq üçün bizi izləyin.
11 – 13 noyabr 2026-cı il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropada Dil Qiymətləndirilməsi üzrə Assosiasiyanın 64‑cü toplantısı və konfransı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva da iştirak ediblər.
Lissabon Universitetinin CAPLE mərkəzinin ev sahibliyi etdiyi konfrans “Dəyişən dünyada dil qiymətləndirilməsi: miqrasiya, mobillik və çoxdillilik” mövzusuna həsr olunub. Tədbir müxtəlif ölkələrdən dil bacarıqlarının qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrini, beynəlxalq ekspertləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirib.
Konfrans çərçivəsində qloballaşma və artan beynəlxalq mobillik şəraitində dil biliklərinin obyektiv və etibarlı qiymətləndirilməsi, çoxdilli mühitlərdə qiymətləndirmə yanaşmaları, dil imtahanlarının müxtəlif sosial və təhsil kontekstlərində tətbiqi, habelə qiymətləndirmə sistemlərinin müasir tələblərə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub. Tədbir iştirakçılara dil imtahanlarının hazırlanması, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək, mövcud yanaşmalar ətrafında fikir mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019-cu ildən ALTE ilə əməkdaşlıq edir və hazırda təşkilatın assosiativ üzvüdür. 1989-cu ildə təsis edilmiş ALTE Avropa və digər regionlarda dil biliklərinin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Assosiasiyanın əsas məqsədi dil imtahanlarında keyfiyyətin, obyektivliyin, etibarlılığın və şəffaflığın təmin olunmasına dəstək vermək, bu istiqamətdə beynəlxalq standartların tətbiqini təşviq etmək və üzv təşkilatlar arasında peşəkar təcrübə mübadiləsini gücləndirməkdir. ALTE mütəmadi olaraq beynəlxalq konfranslar, seminarlar və ixtisasartırma tədbirləri təşkil edir, həmçinin dil imtahanlarının keyfiyyətinin qiymətləndirilməsi üçün audit mexanizmləri tətbiq edir.
DİM-in ALTE-də assosiativ üzvlüyü Mərkəz üçün dil biliklərinin qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəyə çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və əməkdaşların peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkəmizdə keçirilən xarici dil imtahanlarının məzmununun, test tapşırıqlarının hazırlanması və ekspertizası proseslərinin, qiymətləndirmə meyarlarının, eləcə də imtahan nəticələrinin etibarlılığının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə vermək potensialına malikdir.
Səfər çərçivəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ALTE-nin baş katibi Nik Savillə də görüş keçirib. Görüş zamanı DİM ilə ALTE arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizdə keçirilən Azərbaycan dili və xarici dil imtahanlarının keyfiyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və bu istiqamətdə gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Xüsusilə DİM tərəfindən təşkil olunan müvafiq dil imtahanlarının ALTE-nin keyfiyyət standartlarına uyğunlaşdırılması və gələcəkdə ALTE Q-Mark beynəlxalq keyfiyyət nişanının əldə olunması istiqamətində görülə biləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mütəxəssislərin peşəkar inkişafı, təlim proqramlarında iştirak və qiymətləndirmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
ALTE Q-Mark dil imtahanlarının hazırlanması, təşkili, qiymətləndirilməsi və nəticələrin təhlili də daxil olmaqla, imtahan prosesinin müxtəlif mərhələlərinin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiqləyən nişandır. DİM gələcəkdə bu nişanın əldə olunması istiqamətində hazırlıq işlərinə başlanılmasını, mövcud imtahan prosedurlarının ALTE standartları əsasında təhlilini və müvafiq qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Səfər çərçivəsində DİM-in nümayəndələri Portuqaliyanın Təhsil, Keyfiyyət və Qiymətləndirmə İnstitutunun prezidenti Luis Migel Pereyra duş Santuş ilə də görüş keçiriblər. Görüş zamanı təhsildə ölçmə və qiymətləndirmə sahəsində qarşılıqlı maraq doğuran məsələlər, hər iki qurumun fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında gələcəkdə müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
Dövlət İmtahan Mərkəzi xarici dil biliklərinin qiymətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini və qabaqcıl təcrübənin milli imtahan sisteminə inteqrasiyasını fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Bu baxımdan, ALTE kimi nüfuzlu beynəlxalq təşkilatların konfranslarında iştirak ölkəmizdə keçirilən xarici dil imtahanlarının keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması və beynəlxalq standartların tətbiqi üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

