
İnformasiya savadlılığı səriştəsi - Fəaliyyətlə bağlı səriştələr

Məktəbşünas
Müəllif
İnformasiya savadlılığı səriştəsi təhsilalanın informasiyanı tanıması, ona nə vaxt ehtiyac duyduğunu hiss etməsi, lazım olan məlumatı haradan və necə tapacağını bilməsi, topladığı məlumatı seçib qaydaya salması, düzgün işlətməsi və fəaliyyətində məqsədəuyğun istifadə etməsi ilə bağlıdır. Bu səriştə yalnız məlumat toplamaq demək deyil. Buraya informasiyanı görmək, ayırd etmək, axtarmaq, toplamaq, qeyd etmək, müqayisə etmək, uyğun olanı seçmək, artıq olanı çıxarmaq və nəticədə ondan faydalı şəkildə istifadə etmək daxildir.
İnformasiya savadlılığı səriştəsi
İnformasiya savadlılığı səriştəsi təhsilalanın informasiyanı tanıması, ona nə vaxt ehtiyac duyduğunu hiss etməsi, lazım olan məlumatı haradan və necə tapacağını bilməsi, topladığı məlumatı seçib qaydaya salması, düzgün işlətməsi və fəaliyyətində məqsədəuyğun istifadə etməsi ilə bağlıdır. Bu səriştə yalnız məlumat toplamaq demək deyil. Buraya informasiyanı görmək, ayırd etmək, axtarmaq, toplamaq, qeyd etmək, müqayisə etmək, uyğun olanı seçmək, artıq olanı çıxarmaq və nəticədə ondan faydalı şəkildə istifadə etmək daxildir.
Məktəbdə informasiya savadlılığı çox vaxt yalnız internetdə axtarış aparmaq kimi başa düşülür. Əslində isə informasiya təkcə internetdə olmur. Şagird məlumatı müəllimin izahından, kitabdan, lüğətdən, xəritədən, cədvəldən, müşahidədən, təcrübədən, sorğudan, şəkildən, afişadan, məktəb elanından, sinif yoldaşının təqdimatından və gündəlik məktəb həyatından da alır. Ona görə informasiya savadlılığı ekran qarşısında oturmaqla yox, məlumatla düşünərək işləmək bacarığı ilə ölçülür.
Bu səriştə zəif olduqda şagird çox məlumat toplasa da, ondan düzgün istifadə edə bilmir. Nəyi götürəcəyini, nəyi çıxaracağını ayırmır, bir mənbədəki məlumatı olduğu kimi köçürür, əsas fikri seçə bilmir, topladığı materialı qarışıq saxlayır, lazım olmayan detalı da vacib məlumat kimi təqdim edir. Bu səriştə formalaşdıqda isə o, əvvəlcə nəyi axtardığını bilir, sonra uyğun mənbəni seçir, topladığı məlumatı saf-çürük edir, doğru, uyğun və faydalı hissəni saxlayır, sonda isə həmin məlumatı öz işində yerində istifadə edir.
İnformasiya savadlılığında bir neçə vacib meyar da var. Məlumat doğru olmalıdır, aydın olmalıdır, mövzuya uyğun olmalıdır, kifayət qədər dolğun olmalıdır və köhnəlmiş olmamalıdır. Şagird bu meyarları yavaş-yavaş mənimsədikcə, məlumatı sadəcə yığmır, onu düşünərək seçməyə başlayır. Bu da onu daha ciddi və daha yetkin öyrənənə çevirir.
Məktəbəhazırlıqda informasiya savadlılığı
Məktəbəhazırlıq dövründə informasiya savadlılığı uşağın informasiya barədə ilkin biliklərə malik olması ilə başlayır. Bu yaşda uşaqdan məlumat axtarmaq, mənbələri müqayisə etmək və ya nəticə çıxarmaq gözlənilmir. Əsas məqsəd odur ki, o, ətrafında gördüyü və eşitdiyi şeylərin nəsə bildirdiyini hiss etsin. Yəni başa düşsün ki, səs də məlumat verir, şəkil də məlumat verir, işarə də məlumat verir, hava da, rəng də, hərəkət də insana nəsə anlatır.
Məsələn, məktəbdə zəng çalınır. Uşaq yavaş-yavaş anlayır ki, bu səs sadəcə səs deyil; dərsin başlanması, bitməsi və ya fasilə ilə bağlı xəbər verir. Başqa bir situasiyada müəllim qapıda asılan işarəni göstərir: məsələn, kitab şəkli olan guşə, oyuncaqlar olan yer, əl yuma nişanı. Uşaq hiss edir ki, bu şəkillər sadəcə rəsm deyil, müəyyən məna daşıyır.
Sinifdə hava lövhəsi qurulduqda da eyni proses görünür. Uşaq günəşli, yağışlı, küləkli hava işarələrini ayırd etməyə başlayır. O, pəncərədən baxdığı mənzərə ilə lövhədəki işarə arasında əlaqə qurur. Bu, sadə görünür, amma informasiya haqqında ilkin təsəvvür məhz belə yaranır.
Musiqi məşğələsində də informasiya anlayışı sadə formada görünə bilər. Məsələn, sürətli ritm bir hərəkəti, yavaş ritm başqa hərəkəti bildirir. Uşaq musiqi siqnalının ona nə etməli olduğunu bildirdiyini anlayır. Bu da informasiyanın bir görnüşüdür.
Məktəbəhazırlıq dövründə müəllimin işi uşağı ağır anlayışlarla yükləmək deyil, onu məlumatın varlığına həssas etməkdir. “Bu səs bizə nə deyir?”, “Bu şəkil nəyi göstərir?”, “Niyə burada bu işarə qoyulub?”, “Sən nə gördün və nə başa düşdün?” kimi suallar bu mərhələdə çox faydalıdır. Burada əsas nəticə budur: uşaq ətrafındakı şeylərin ona məlumat verdiyini hiss etməyə başlayır.
İbtidai təhsil səviyyəsində informasiya savadlılığı
İbtidai siniflərdə informasiya savadlılığı daha aydın formaya düşür. Bu mərhələdə şagird artıq informasiyanı necə axtarmağın və necə toplamağın yollarını bilir. Yəni o, sadəcə məlumatın mövcud olduğunu başa düşmür, həm də lazım olan məlumatı haradan əldə edə biləcəyini düşünür. Bu, çox mühüm keçiddir. Çünki burada təsadüfi biliklə məqsədli axtarış arasında fərq yaranır.
Məsələn, müəllim şagirdlərə tapşırır ki, “Azərbaycanın çayları” mövzusu ilə bağlı qısa məlumat tapsınlar. Şagird başa düşür ki, bunun üçün yalnız bir mənbəyə baxmaq kifayət deyil. O, dərsliyə baxa bilər, xəritədən istifadə edə bilər, müəllimin verdiyi əlavə mətnə baxa bilər, kitabxanadakı ensiklopedik kitabdan yararlana bilər. Burada əsas məsələ mənbənin çoxluğu deyil; uyğun mənbəni tanımaqdır.
Başqa bir situasiyada ana dili dərsində şagird yeni sözün mənasını tapmaq istəyir. O, əvvəl cümlənin içindən mənanı çıxarmağa çalışır, alınmadıqda müəllimdən soruşur, sonra lüğətə baxır. Burada o, artıq məlumatı axtarmağın birdən çox yolu olduğunu öyrənir.
Həyat bilgisi dərsində sinifdə kiçik sorğu aparıla bilər. Məsələn, “səhər yeməyi yeyən şagirdlərin sayı” müəyyənləşdirilir. Şagirdlər sinif yoldaşlarından soruşur, cavabları qeyd edir, nəticəni toplayırlar. Bu, informasiyanı toplamağın çox sadə, amma çox faydalı yoludur. Şagird burada başa düşür ki, məlumat yalnız kitabdan alınmır; insanlardan soruşmaqla da toplanır.
Müşahidə yolu ilə informasiya toplamaq da bu mərhələdə vacibdir. Məsələn, bir həftə boyunca sinifdə ən çox oxunan kitab növləri qeydə alınır. Şagirdlər hər gün müşahidə edir, sonra nəticəni yazırlar. Burada onlar informasiya toplamağın müşahidə formasını öyrənirlər.
Bu mərhələdə müəllim şagirdə “məlumat tap” deməklə kifayətlənməməlidir. O, “bunu haradan tapa bilərik?”, “müəllimdən soruşmaq daha uyğundur, yoxsa kitabdan baxmaq?”, “müşahidə etmək bu mövzu üçün faydalıdırmı?”, “topladığın məlumatı necə qeyd edə bilərsən?” kimi suallarla şagirdi doğru axtarış yollarına yönəltməlidir. İbtidai təhsil səviyyəsində informasiya savadlılığı məlumatın müxtəlif yollarla tapıla və toplana bildiyini başa düşməklə güclənir.
Ümumi orta təhsil səviyyəsində informasiya savadlılığı
Ümumi orta təhsil səviyyəsində informasiya savadlılığı daha yetkin mərhələyə keçir. Bu dövrdə şagird informasiyanın xassələrini nəzərə almaqla onu emal və istifadə etməyi öyrənir. Bu, çox vacib mərhələdir. Çünki burada şagird artıq məlumatı sadəcə toplayan yox, onunla işləyən şəxsə çevrilir.
İnformasiyanı emal etmək o deməkdir ki, şagird topladığı materialı olduğu kimi yığmır. O, əsas və əlavə hissələri ayırır, mövzuya uyğun olmayan məlumatı çıxarır, təkrarı kənarda saxlayır, materialı qruplaşdırır, lazım gəlsə cədvəl, sxem, xəritə və ya qısa mətn formasına salır. Yəni informasiya qarışıq vəziyyətdə qalmır; işlənib aydın formaya düşür.
Məsələn, tarix dərsində bir mövzu üzrə müxtəlif materiallar toplanır. Şagird onların hamısını köçürmür. Əvvəl mövzunun əsas xəttini müəyyən edir: səbəb, hadisə, nəticə. Sonra topladığı məlumatı bu başlıqlara uyğun ayırır. Burada o, məlumatı emal edir.
Coğrafiya dərsində iqlim, əhali və təsərrüfat haqqında toplanmış materialla işləyən şagird anlayır ki, bəzi məlumatları cədvəldə, bəzilərini xəritədə, bəzilərini isə qısa izahda vermək daha münasibdir. Bu zaman o, informasiyanın xassəsini nəzərə alır. Yəni hansı məlumatın hansı formada daha aydın görünəcəyini düşünür.
Biologiya dərsində aparılan müşahidənin nəticələri ilə işləyərkən şagird sadəcə bütün qeydləri ardıcıl yazmır. O, dəyişiklikləri seçir, oxşar cəhətləri bir yerə toplayır, fərqli nəticələri ayırır, lazımsız qeydləri çıxarır. Bu, artıq məlumatı işlətməkdir.
Bu mərhələdə köçürmə ilə işləmə arasındakı fərq də şagirdə aydın olmalıdır. O, topladığı materialı olduğu kimi yazıb təqdim etdikdə bu, informasiya savadlılığı sayılmır. İnformasiya savadlılığı o zaman görünür ki, şagird onu seçir, öz sözləri ilə verir, məqsədinə uyğunlaşdırır və lazım olan hissəni önə çıxarır.
Məlumatın xassələri də bu mərhələdə sadə dillə izah olunmalıdır. Məlumat doğru olmalıdır, aydın olmalıdır, uyğun olmalıdır, kifayət qədər tam olmalıdır və köhnə olmamalıdır. Şagird bunlara diqqət etdikcə daha keyfiyyətli işləyir. Məsələn, köhnə statistika ilə yeni statistikanın fərqini görə bilir, mövzuya aid olmayan məlumatı kənarda saxlayır və çox olsa da faydasız materialdan uzaqlaşır.
Bu mərhələdə müəllim “nə tapdın?” sualı ilə kifayətlənməməlidir. “Bunun hansı hissəsi əsasdır?”, “hansı məlumat artıqdır?”, “bunu cədvəl kimi versən daha aydın olar, yoxsa qısa mətnlə?”, “bu məlumat mövzuya doğrudan da uyğundurmu?” kimi suallar şagirdi informasiyanı işləməyə yönəldir. Ümumi orta təhsil səviyyəsində informasiya savadlılığı toplamaqdan çox, seçmək, düzənləmək və işlətməklə dərinləşir.
Tam orta təhsil səviyyəsində informasiya savadlılığı
Tam orta təhsil səviyyəsində informasiya savadlılığı daha məqsədli və daha yetkin xarakter alır. Bu mərhələdə şagird informasiyadan fəaliyyətində məqsədyönlü istifadə edir. Yəni o, məlumatı sadəcə toplamaq və emal etmək üçün yox, konkret nəticə yaratmaq üçün işlədir. Bu nəticə təqdimat, layihə, qərar, mövqe, təklif, araşdırma, problem həlli və ya müzakirədə iştirak ola bilər.
Məsələn, şagird məktəb daxili bir məsələ ilə bağlı arayış hazırlayır. O, hər topladığı məlumatı ora daxil etmir. Məqsədə xidmət edən faktları seçir, onları uyğun ardıcıllıqla verir, nəticə çıxarır və sənədini buna uyğun qurur. Burada informasiya fəaliyyəti istiqamətləndirir.
Başqa bir situasiyada şagird müəyyən sosial mövzu ilə bağlı mövqe bildirir. O, sadəcə ümumi fikirlər demir. Etibarlı mənbələrə baxır, fərqli məlumatları müqayisə edir, uyğun olanı seçir və sonra həmin məlumatlara əsasən öz mövqeyini əsaslandırır. Bu, məqsədyönlü istifadədir.
Kimya və ya biologiya üzrə layihə işində də bu səriştə aydın görünür. Şagird mövzuya aid məlumatları toplayır, sonra onlardan təcrübə istiqaməti seçir, nəticəni şərh edir, təqdimatını qurur və hansı məlumatın onun işini gücləndirdiyini anlayır. Burada informasiya artıq hazır material deyil; fəaliyyəti formalaşdıran vasitədir.
Tam orta təhsil səviyyəsində etibarlılıq məsələsi xüsusilə vacibdir. Şagird bilməlidir ki, hər məlumat istifadə üçün uyğun deyil. Mənbənin gücü, məlumatın yeniliyi, mövzuya uyğunluğu və doğruluğu nəzərə alınmalıdır. Əks halda çox məlumat toplamaq işə yaramaya da bilər. Bu mərhələdə şagird “bu məlumat nə qədər uyğundur?” və “bu mənbəyə niyə etibar edirəm?” suallarını verməyi bacarmalıdır.
Bu mərhələdə müəllim “nə tapdın?” sualından bir addım irəli keçməlidir. “Bu məlumat sənə hansı qərarı verməyə kömək etdi?”, “sən bu faktı niyə seçdin?”, “bu məlumatı işində necə istifadə etdin?”, “bu mənbəni etibarlı saymağının səbəbi nədir?” kimi suallar şagirdi daha yetkin informasiya davranışına yönəldir. Tam orta təhsil səviyyəsində informasiya savadlılığı yalnız toplamaq və işləmək deyil, məlumatı fəaliyyətə çevirə bilməkdir.
Müəllim bu səriştəni necə dəstəkləyə bilər ?
İnformasiya savadlılığı səriştəsi müəllimin yaratdığı öyrənmə mühitində formalaşır. Əgər bütün məlumat müəllim tərəfindən hazır verilir, şagirdə axtarmaq, seçmək, qeydə almaq, müqayisə etmək və istifadə etmək imkanı yaradılmırsa, bu səriştə zəif qalır. Əgər müəllim şagirdi tədricən məlumatı tanımağa, haradan tapacağını düşünməyə, topladığı materialı seçib işləməyə və istifadə etməyə yönəldirsə, bu səriştə güclənir.
Müəllim əvvəlcə mənbələrin müxtəlifliyini göstərməlidir. Sonra məlumat tapma yollarını açmalıdır. Daha sonra şagirdə topladığı materialı ayırmağı, qruplaşdırmağı və emal etməyi öyrətməlidir. Sonda isə bu informasiyanın nə üçün istifadə ediləcəyini düşündürməlidir. Məhz bu ardıcıllıq informasiya savadlılığını gücləndirir.
Burada müəllimin sualları çox önəmlidir. “Bu məlumatı haradan tapa bilərsən?”, “topladığınların hamısı lazımdırmı?”, “əsas fikri necə ayıracaqsan?”, “bu məlumatı necə daha aydın təqdim etmək olar?”, “fəaliyyətində bu informasiya sənə nə üçün lazımdır?” kimi suallar şagirdi məlumatla düşünərək işləməyə yönəldir.
Dərsdənkənar fəaliyyətlər də bu səriştənin inkişafı üçün çox münasibdir. Məktəb qəzetinə material toplamaq, sinif sorğusu keçirmək, kitab sərgisi üçün qısa arayış hazırlamaq, ekskursiyadan sonra qeydlər toplamaq, müşahidə nəticələrini cədvəlləşdirmək, məktəb tədbiri ilə bağlı elan və məlumat mətni hazırlamaq kimi fəaliyyətlərdə şagird informasiyanı real məqsəd üçün axtarmağı, toplamağı və istifadə etməyi öyrənir.
Məktəbdə informasiya savadlılığını necə görmək olar ?
Məktəbdə informasiya savadlılığını tanımaq üçün yalnız şagirdin çox məlumat toplamasına baxmaq kifayət etmir. Əsas diqqət onun məlumatı haradan və necə tapdığına, topladığı materialı seçib-seçmədiyinə, onu necə düzənlədiyinə, hansı hissəni əsas götürdüyünə və nəticədə nə üçün istifadə etdiyinə verilməlidir.
Məktəbəhazırlıqda uşaq gördüyü, eşitdiyi və müşahidə etdiyi şeylərin ona məlumat verdiyini hiss edirsə, ilkin əlamət görünür. İbtidai sinifdə informasiyanı axtarmağın və toplamağın yollarını bilirsə, bu səriştə güclənir. Ümumi orta təhsil səviyyəsində topladığı materialı seçir, işləyir və uyğun formaya salırsa, daha yetkin mərhələ görünür. Tam orta mərhələdə isə şagird informasiyadan qərarında, mövqeyində, layihəsində və təqdimatında məqsədyönlü istifadə edirsə, bu səriştə formalaşmış sayılır.
Bəzən çox məlumat gətirən şagird deyil, az, amma uyğun, aydın və etibarlı məlumatla işləyən şagird informasiya savadlılığı baxımından daha güclü görünür. Buna görə məktəbdə bu səriştəni məlumatın həcmi ilə yox, seçimi, işlənməsi və istifadə keyfiyyəti ilə görmək lazımdır.
İnformasiya savadlılığı səriştəsi məktəbəhazırlıqda informasiya barədə ilkin biliklərlə başlayır, ibtidai təhsildə informasiyanı axtarmağın və toplamağın yollarını bilmək ilə inkişaf edir, ümumi orta təhsil səviyyəsində informasiyanın xüsusiyyətlərini nəzərə alıb onu emal və istifadə etməklə dərinləşir, tam orta təhsil səviyyəsində isə informasiyadan fəaliyyətində məqsədyönlü istifadə etməklə tamamlanır. Bu inkişaf xətti göstərir ki, informasiya savadlılığı sadəcə məlumat toplamaq deyil. O, məlumatı tanımaq, haradan tapacağını bilmək, topladığını seçmək, işləmək, etibarlılığını və uyğunluğunu nəzərə almaq və onu düşünərək fəaliyyətə çevirmək bacarığıdır.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin