
Keyfiyyətli təhsil üçün nədən başlamalıyıq? - DEPUTATDAN CAVAB
Ölkə məktəblərində tətbiq olunan yeniliklər, pedaqoqların peşəkar inkişafı və təhsil idarəçiləri üçün vacib tövsiyələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki islahatlardan, rəsmi müzakirələrdən və aktual xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil ictimaiyyətinin nümayəndələrini bir araya gətirən tədbir baş tutub. Elm və Təhsil Nazirliyi, AGMA və tərəfdaş qurumların təşkilatçılığı ilə reallaşan "Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc" mövzulu konfransda tədris prosesinin səmərəli təşkili və qarşıda duran hədəflər müzakirə edilib.
Direktor.az “Azərbyacan müəllimi”nə istinadla xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Mehriban Vəliyeva konfransın əhəmiyyətini vurğulayaraq bildirib:
"Elm və Təhsil Nazirliyi, AGMA və digər qurumlarla bərabər "Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” mövzusunda təşkil olunan konfrans təhsil işçilərimiz üçün çox böyük əhəmiyyət daşıyır".
Dərs ilinin düzgün təməllər üzərində qurulmasının bütün tədris ilinin nəticələrinə birbaşa təsir etdiyini diqqətə çatdıran parlamentari çıxışına belə davam edib:
"Burada keyfiyyət məsələsində nail olacağımız nəticələr, problemlər və gələcək perspektivlər barədə danışmaq, fikir mübadiləsi aparmaq çox önəmlidir. Biz bilirik ki, bu istiqamətdə beynəlxalq və milli öhdəliklərimiz var. Beynəlxalq öhdəliklər baxımından biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində təhsildə keyfiyyətin təmin olunması məsələsinə diqqət yetirməyi xüsusi olaraq nəzərimizdə saxlamalıyıq. Amma ölkə baxımından bizim təhsilimizdə olan yeniliklər, islahatlar və bu islahatlardan doğan tələblər, bununla bağlı olan məsələlər də diqqət mərkəzində olmalıdır. Bunlar ümumi məsələdir. "Məktəb daxilində keyfiyyətli təhsili təmin etmək üçün nədən başlamalıyıq?" sualının əsas cavabı, mənə elə gəlir ki, statistik təhlillərdən, data ilə işləməyi bacarmaqdan ibarətdir. Çünki keyfiyyəti təmin edən amillər çoxdur. Lakin keyfiyyət haqqında biz rəqəmlərlə danışa bilərik. Bu baxımdan hər bir idarəçinin xüsusilə məktəb direktorunun, direktor müavinlərinin və müəllimlərin üzərinə mühüm vəzifələr düşür".
Tədris ocaqlarında uğurun əsas açarının pedaqoqların peşəkarlığında olduğunu qeyd edən M.Vəliyeva, məktəb-valideyn-şagird üçbucağında müəllimin aparıcı rol oynadığını bildirib və fikirlərini bu sözlərlə yekunlaşdırıb:
"Biz bu məsələlərə toxunduq, geniş müzakirə apardıq. Düşünürəm ki, digər spikerlər də praktik təlimlərlə daha maraqlı məqamlara toxunacaqlar və bunun gələcək keyfiyyətin təmin olunmasında müəllimlərimizə çox böyük töhfəsi olacaq. Biz hər zaman müəllimlərin yanında olmalıyıq və təhsil işçilərimiz bunu hiss etməlidir. Müəllim Azərbaycanın gələcəyini quran vacib, dəyərli şəxslərdən biridir və o dəyəri biz həmişə qoruyub saxlamalıyıq".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin