
MDU-da vergi savadlılığına dair elmi debat keçirilib
Ali təhsil müəssisələrimizdə gənclərin hüquqi və iqtisadi maariflənməsinə yönəlmiş elmi təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı aktual debatlar, tələbə fəaliyyətlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat kafedrasının müəllimi Tansu Rəşidovanın təşkilatçılığı ilə “Vergi savadlılığı və könüllü vergi intizamı: bilikdən məsuliyyətə” mövzusunda elmi debat keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Debatın əsas məqsədi tələbələrin vergi savadlılığını artırmaq, könüllü vergi intizamının formalaşmasına təsir edən amilləri araşdırmaq və müqayisəli təhlil bacarıqlarını inkişaf etdirmək olub. Tansu Rəşidova tələbələrə elmi debatın aparılması metodologiyası, iqtisadi tezislərin formalaşdırılması və fərqli mövqelərin elmi əsaslarla qiymətləndirilməsi prinsipləri barədə məlumat verib. Obyektivlik əsasında aparılan müzakirələrdə hər iki tərəfin arqumentləri dinlənilib, irəli sürülən fikirlər təhlil olunub.
Debat zamanı vergi savadlılığının könüllü vergi öhdəliklərinə əməl olunmasına təsiri müxtəlif yanaşmalar əsasında nəzərdən keçirilib. Müsbət mövqeyi müdafiə edən tələbələr vergi biliklərinin artmasının öhdəliklərin düzgün və vaxtında yerinə yetirilməsinə, elektron bəyannamə və vergi güzəştləri kimi mexanizmlərdən səmərəli istifadəyə kömək etdiyini bildiriblər. Tənqidi mövqedən çıxış edən tələbələr isə yalnız məlumatlılığın könüllü vergi intizamını təmin etmək üçün kifayət etmədiyini diqqətə çatdırıblar. Vergi biliklərindən hüquqi boşluqların axtarılması məqsədilə istifadə olunması ehtimalı müzakirə edilib, qanunvericilik çərçivəsində vergi planlaşdırılması ilə vergidən yayınma arasındakı fərqlər nəzərdən keçirilib.
Kiçik qruplarda davam edən müzakirələrdə bilik, etimad və məsuliyyət arasındakı qarşılıqlı əlaqə təhlil olunub. Dövlət vəsaitlərinin istifadəsində şəffaflığın, hesabatlılığın və vergi sisteminə inamın könüllü vergi intizamına təsiri qiymətləndirilib. Həmçinin üfüqi və şaquli vergi ədaləti prinsipləri, gəlir bərabərsizliyi və kölgə iqtisadiyyatının yaratdığı risklər ətrafında fikir mübadiləsi aparılıb.
Fərqli mövqelərin əsaslandırılması və ortaq nəticələrin çıxarılması tələbələrin analitik düşünmə, komanda ilə işləmə və peşəkar müzakirə bacarıqlarının inkişafına dəstək verib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

