
MDU Naxçıvanda keçirilən II Respublika Elmi Konfransında təmsil olunub
Ali təhsil müəssisələrinin təşəbbüslərini, elmi-tədqiqat nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərarası elmi əməkdaşlıqlar, rəsmi çıxışlardan xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” mövzusunda II Respublika Elmi Konfransının açılış tədbiri keçirilib. Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşları sırasında yer aldığı elmi platforma ölkənin ali təhsil müəssisələrini, dövlət qurumlarını və elmi-tədqiqat institutlarını bir araya gətirib.
Direktor.az xəbər verir ki, bu barədə MDU-dan bildirilib. Konfransın tərəfdaşları sırasında Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yer alıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev edərək elmi tədbirin əhəmiyyətindən, müasir dövrdə kənd təsərrüfatının inkişafında innovativ yanaşmaların və ekoloji məsuliyyətin rolundan bəhs edib.
Açılış tədbirinin plenar iclasında çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfrans iştirakçılarını salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb. Rektor çıxışında qlobal iqlim dəyişmələri, təbii ehtiyatlardan səmərəli istifadə, ərzaq təhlükəsizliyi və ekoloji tarazlığın qorunması kimi məsələlərin müasir elmi tədqiqatların prioritet istiqamətlərinə çevrildiyini vurğulayıb. Anar Eminov Mingəçevir Dövlət Universitetində yaşıl transformasiya, dayanıqlı enerji, su ehtiyatlarının idarə olunması, ekoloji monitorinq və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. MDU-nun rektoru ali təhsil müəssisələrinin regional inkişaf proseslərində fəal iştirakının, birgə elmi layihələrin həyata keçirilməsinin və tədqiqat nəticələrinin praktik tətbiqinin vacibliyini xüsusi vurğulayıb.
Plenar iclasda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, kənd təsərrüfatı naziri Rafail Quliyev və Naxçıvan Dövlət Universitetinin professoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov da çıxış edərək orqanik kənd təsərrüfatının inkişaf perspektivləri, elmi innovasiyaların aqrar sektora inteqrasiyası və ekoloji dayanıqlığın təmin olunması istiqamətində fikir və mülahizələrini bölüşüblər.
Konfrans açılış və plenar iclaslardan sonra bölmə iclasları ilə işini davam etdirib. Təqdim olunmuş elmi proqrama əsasən, 4 əsas elmi istiqaməti əhatə edən 11 bölmə iclasında ümumilikdə 90-dan çox elmi məruzə proqramlaşdırılıb. Məruzələr biomüxtəlifliyin qorunması və ekosistemlərin davamlı idarə olunması, kənd təsərrüfatında çirkləndiricilərin monitorinqi və ekoloji təhlükəsizlik, dayanıqlı bitkiçilik və bitki mühafizəsi, eləcə də orqanik əkinçilik, heyvandarlıq və arıçılığın müasir yanaşmaları mövzularını əhatə edib. Əyani və onlayn formatda təşkil olunan elmi müzakirələrdə torpaq münbitliyinin qorunması, bioloji mübarizə üsulları, iqlim dəyişmələrinin aqrar ekosistemlərə təsiri, rəqəmsal monitorinq və innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi məsələləri diqqət mərkəzində olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

