
Məktəbdə SWOT analizi
Məktəbşünas
Müəllif
SWOT analiz məktəbə kənardan baxmaq kimidir. Bir tərəfdən məktəbin öz içində nəyi yaxşı bacardığını görürük. Müəllim heyəti necə işləyir, dərs prosesinin ritmi varmı, sənədləşmə və nəzarət qaydasındadırmı, intizam və davamiyyət nə vəziyyətdədir. Yəni məktəbin öz əli ilə dəyişə bildiyi məsələlər bu hissədə üzə çıxır.
O biri tərəfdən məktəbin içində olmayan, amma işə təsir edən məqamları nəzərə alırıq. Regional dəstək, layihələr, icmanın münasibəti, sosial vəziyyət, texniki imkanlar, mövsümi çətinliklər. Bunlar məktəbin gündəlik işinə birbaşa toxunur. Bəzən kömək olur, bəzən də işimizi ağırlaşdırır.
Bu yanaşma məktəbə bir sualın cavabını verir: “Nəyə söykənək, nəyi düzəldək, hansı fürsəti qaçırmayaq, hansı riskə hazır olaq?” SWOT-un dəyəri də elə buradadır. Yazılanlar kağızda qalmır. Düzgün aparılanda planın, nəzarətin və görüləcək işlərin başlanğıc nöqtəsinə çevrilir.
S (Güclü tərəflər) – Məktəbin içində dayaq olan nə var? (Məsələn…)
Müəllim heyəti sabitdir, dərslərin pozulması azdır. Yeni müəllim tez-tez dəyişmədiyi üçün siniflərin öyrənmə ritmi qorunur.
Direktor müavini və müəllimlər arasında iş bölgüsü aydındır. Tapşırıq havada qalmır, kim nəyi etməlidir bilinən olur.
Bəzi siniflərdə akademik nəticələr stabil və ya yüksələn xəttdədir. Bu siniflər məktəbin “nümunə təcrübə” bazasına çevrilə bilir.
Dərs müşahidələrində müəllimlərin izahı, sinifin idarə olunması və şagirdlə ünsiyyəti qənaətbəxşdir. Yəni əsas pedaqoji “skelet” var.
Valideynlərlə əlaqə işlək kanallarla qurulub: sinif qrupları aktivdir, məlumat vaxtında verilir, valideyn məktəbin sözünü eşidir.
Məktəbdə ən azı bir-iki müəllim var ki, həm metodik baxımdan güclüdür, həm də komandanı arxasınca aparır. Bu “lokomotiv” müəllimlər inkişafın mühərrikidir.
W (Zəif tərəflər) – Məktəbin içində işi ləngidən nə var? (Məsələn…)
“Risk qrupu” şagirdlər üçün dəstək işi sistemli getmir. Bəzən şagirdin problemi görünür, amma ona uyğun plan və izləmə mexanizmi olmur.
Tapşırıq yoxlanması, geri dönüş və qiymətləndirmə eyni keyfiyyətdə deyil. Bir sinifdə vaxtında edilir, digərində gecikir, nəticədə şagirdin “təkrar ehtiyacı” yığılır.
Davamiyyət bəzi siniflərdə zəifdir. Şagird dərsdən qalanda mövzu boşluğu böyüyür, müəllim sinifdə tempi saxlamaq üçün çətinlik çəkir.
Metodbirləşmə iclasları var, amma nəticə bəzən “kağızda qalır”. Qərar yazılır, lakin icra və yoxlama hissəsi zəif olur.
Sənədləşmə və hesabatların hazırlanması son günlərə qalır. Bu da məktəbi həm stressə salır, həm də keyfiyyəti aşağı salır.
Valideynlərlə iş daha çox problem olanda aktivləşir. Halbuki davamlı və sakit ünsiyyət olmayanda kiçik məsələ böyüyür.
O (İmkanlar) – Çöldə bizə üstünlük verə biləcək nə var? (Məsələn…)
RTİ-nin metodiki dəstəyi, təlimləri, layihələri var. Düzgün seçib tətbiq etsək, məktəbin zəif yerlərini sürətlə toparlamaq olar.
Onlayn platformalarla qısa yoxlamalar etmək mümkündür. 10 dəqiqəlik mini-test belə müəllimə “sinif nəyi bilmir?” sualının cavabını verir.
Yaxın məktəblərlə əməkdaşlıq edə bilərik. Bir mövzuda güclü məktəbdən nümunə götürmək çox vaxtı qısaldır.
İcma resursları mövcuddur: bələdiyyə, kənd icması, valideynlər, məzunlar. Düzgün yanaşma ilə kitabxana, inventar, tədbir dəstəyi kimi real kömək alınır.
Yerli müəssisələr və ya sponsor dəstəyi tapmaq mümkündür. Xüsusilə texniki avadanlıq və təlim resursları üçün.
Məktəbdə “təcrübə mübadiləsi” mədəniyyəti qurmaq olar: bir müəllimin uğurlu metodunu digərləri ilə paylaşması böyük effektdir.
T (Risklər) – Çöldən gələn və işi çətinləşdirən nə var? (Məsələn…)
Şagirdlərin köçü, sosial səbəblər və ailə problemləri davamiyyəti zəiflədə bilər. Bu da nəticələrə birbaşa təsir edir.
Bəzi ailələrdə təhsilə maraq aşağıdır. Evdə nəzarət olmayanda məktəbin yükü ikiqat artır.
Repetitor asılılığı motivasiyanı zədələyə bilər: şagird dərsdə passiv olur, “onsuz da hazırlığa gedirəm” düşüncəsi yaranır.
İnternet və texniki imkanların zəifliyi onlayn yoxlamalara və rəqəmsal resurslardan istifadəyə mane olur.
Kadr dəyişkənliyi riski var: müəllim mühiti dəyişəndə, siniflərin ritmi pozulur, adaptasiya vaxt aparır.
Mövsümi faktorlar (qış xəstəlikləri, kənd təsərrüfatı dövrü və s.) davamiyyətə və dərsin davamlılığına təsir edə bilər.
Məktəbdə SWOT necə aparılır ?
1) Bir mövzunu seç
Eyni anda hər şeyi yoxlamaq olmur. Bir mövzu seçirsiniz:
məsələn BSQ nəticələri, davamiyyət, intizam, valideynlə iş.
2) 10–15 dəqiqəlik faktları götür
Uzun hesabat axtarmırsan. Sadəcə 3–5 göstərici:
BSQ nəticəsi, illik yekunda “2” faizi, davamiyyət faizi, yay tapşırığı sayı, 2–3 dərs müşahidəsinin qısa qeydi, valideyn şikayətlərinin ümumi mənzərəsi.
3) 4 bölməyə qısa yaz
Ayrı-ayrı kağızda və ya Word-də 4 başlıq açırsan: Güclü, Zəif, İmkan, Risk.
Hərəsinə 3–4 maddə yazırsan. Ümumi söz yazmırsan. “nədir, harada, nə qədər” deyə biləcək formada yazırsan.
4) Hər bölmədən ən vacibini seç
Siyahını uzatmaq asandır, faydası az olur. Ona görə hər bölmədən 1 əsas məsələ seçirsiniz.
Bu, məktəbin yaxın 1–2 ayda “əsas diqqət” mövzusudur.
5) Dərhal 2–3 addıma çevir
SWOT-un işi burada başlayır:
Güclü tərəfi istifadə edib bir imkanı işə salırsan.
Zəif tərəfi görüb riski qabaqlayırsan.
Məsələn:
Güclü: müəllim komandası stabildir → İmkan: metodik resurslar var → həftəlik mini yoxlama + qrup dəstək dərsi
Zəif: davamiyyət aşağı düşüb → Risk: mövzu boşluğu böyüyür → 2 həftəlik bərpa planı + valideynə qısa xəbərdarlıq mexanizmi
Mini nümunə (şərti məktəb)
Məqsəd: V–IX siniflərdə riyaziyyat üzrə nəticələri yüksəltmək.
S – Güclü tərəflər
Riyaziyyat müəllimləri stabildir, dərs buraxma azdır
Həftəlik əlavə məşğələ üçün boş saat tapmaq mümkündür
Dərs müşahidələrində izahın ardıcıllığı yaxşı görünür
W – Zəif tərəflər
Zəif şagirdlər üçün fərdi dəstək planı sistemli deyil
Tapşırıq yoxlanması və geribildirim gecikir
Valideynlə əlaqə daha çox “problem olanda” qurulur
O – İmkanlar
Rayon/metodiki mərkəzdən təlim və bank tapşırıqlar almaq mümkündür
Onlayn sınaq və test platformaları ilə qısa yoxlamalar etmək olar
Yaxın məktəblə birgə müəllim təcrübə mübadiləsi etmək olar
T – Təhlükə/Risklər
Davamiyyət zəifləyəndə mövzu boşluğu böyüyür
Bəzi şagirdlərdə repetitor asılılığı motivasiyanı aşağı salır
Siniflərdə səviyyə fərqi çoxdur, eyni templə getmək çətinləşir
Bu SWOT-dan 2 real qərar
S→O: Stabilliyi olan müəllimlər + onlayn qısa yoxlamalar → hər həftə 1 “mini-BSQ” və nəticəyə görə qrup dəstəyi
W→T: Geribildirim gecikməsi + davamiyyət riski → 2 həftəlik “bərpa planı”: zəif mövzu siyahısı, 20 dəqiqəlik təkrar, valideynə qısa məlumat
NÜMUNƏ 1: Davamiyyət üzrə SWOT analiz
S – Güclü tərəflər (bizdə yaxşı işləyən nə var?)
Sinif rəhbərlərinin çoxu şagirdləri yaxşı tanıyır, əlaqə qurmaq çətin deyil.
Məktəbdə gündəlik yoxlama və jurnal aparmaq qaydası var, məlumat “tam itmir”.
Bəzi siniflərdə davamiyyət sabitdir, yəni yaxşı nümunə var, ondan model götürmək olur.
Valideynlərlə əlaqə üçün kanallar mövcuddur (sinif qrupları, zəng, mesaj).
W – Zəif tərəflər (bizdə nə axsayıb?)
Gecikmələr və səbəbsiz buraxmalar vaxtında “tutulmur”, bəzən 3–4 gün yığılandan sonra reaksiya verilir.
Siniflər üzrə davamiyyətin həftəlik qısa icmalı hazırlanmadığı üçün problem gec görünür.
Eyni şagirdin təkrar buraxması üzrə vahid yanaşma yoxdur, hər sinif başqa cür reaksiya verir.
Valideynlə əlaqə bəzən yalnız problem olanda qurulur, davamlı nəzarət zəifləyir.
O – İmkanlar (kənarda bizə kömək edə biləcək nə var?)
Valideynlərin böyük hissəsi telefonla əlçatandır, sürətli xəbərdarlıq mümkündür.
Məktəbdə gündəlik nəzarət mexanizmini sadə qayda ilə gücləndirmək olar (səhər 1 nəfər məsul, qısa qeyd).
Psixoloq və sosial pedaqoqla birgə “riskli davamiyyət” siyahısı hazırlamaq imkanı var.
Şagirdi motivasiya edən məktəbdaxili tədbirlər və yarışmalar davamiyyətə müsbət təsir edə bilər.
T – Risklər (kənardan işi çətinləşdirən nə var?)
Mövsümi xəstəliklər və hava şəraiti buraxmaları artırır.
Bəzi ailələrdə nəzarət zəifdir, şagird evdə “buraxmanı normal” sayır.
Uzaq məsafə, nəqliyyat, ailə işi kimi səbəblər davamiyyəti sındıra bilər.
Davamiyyət düşəndə dərs boşluğu böyüyür, şagird “çatdıra bilmirəm” deyib daha çox buraxmağa başlayır.
Bu SWOT-dan çıxan praktik 3 addım (elə sabahdan başlamaq olur)
Addım 1: “Səhər yoxlaması + 10 dəqiqəlik reaksiya” qaydası
1-ci dərsdən sonra səbəbsiz gəlməyənlər siyahısı çıxır.
Sinif rəhbəri həmin gün valideynə qısa məlumat verir (zəng və ya mesaj).
Məqsəd cəza deyil, “ilk gündən xəbər tutmaqdır”.
Addım 2: Həftəlik “davamiyyət xəritəsi”
Hər həftə cəmi 1 səhifə: hansı siniflərdə buraxma artıb, hansı şagirdlər təkrar edir.
3 kateqoriya: 1 gün buraxan, 2–3 gün buraxan, 4+ gün buraxan.
Direktor müavini 10 dəqiqəlik müşavirədə sinif rəhbərləri ilə paylaşır.
Addım 3: “Risk qrupu” ilə kiçik plan
Təkrar buraxan 5–10 şagird seçilir (adlar məktəbdə qalır, sənəddə ümumi yazıla bilər).
Hər şagird üçün 2 şey: səbəb (qısa) + həll addımı (məsələn psixoloq görüşü, valideynlə görüş, dərs bərpası).
2 həftədən bir yenilənir.
NÜMUNƏ 2: Riyaziyyat fənni üzrə KSQ üzrə SWOT analiz
S – Güclü tərəflər (bizdə yaxşı gedən nə var?)
Riyaziyyat müəllimi KSQ-ləri vaxtında keçirir, qiymətləndirmə “yarımçıq qalmır”.
Tapşırıqların bir hissəsi proqram mövzularına uyğun seçilir, yəni baza var.
Sinifdə bir qrup şagird stabil işləyir, nəticə verənlər var, bu da ümumi ritmi saxlayır.
Müəllim lövhə izahını aydın qurur, qayda və nümunə ilə işləmə bacarığı görünür.
W – Zəif tərəflər (bizdə nə axsayıb?)
KSQ nəticələri çıxandan sonra zəif mövzular üzrə “bərpa işi” hər dəfə sistemli olmur.
Tapşırıqlar bəzən bir tipdə qalır (yalnız hesablamaya yaxın). Məntiq, tətbiq, situasiya tipli sual az olur.
Səhvlər toplanır, amma “ən çox edilən 3 səhv” kimi qısa analiz sinfə qaytarılmır.
Vaxt bölgüsü bəzən düzgün tutulmur, şagirdin bir hissəsi sona çatdırmır.
O – İmkanlar (kənardan kömək ola biləcək nə var?)
Eyni mövzuda paralel siniflərlə müəllimlərin qısa təcrübə mübadiləsi aparmaq olur (kim necə izah edir, hansı tapşırıq işləyir).
Sadə “mini-ksq” formatı ilə həftəlik 10 dəqiqə yoxlama etmək mümkündür.
Mövzular üzrə kiçik sual bankı toplamaq olur: 10 əsas mövzu, hərəsinə 10 sual.
Valideynə “nəyi bilmir” mesajını qısa çatdırmaq mümkündür, evdə dəstək artır.
T – Risklər (kənardan işi çətinləşdirən nə var?)
Şagirdin evdə təkrarı zəifdirsə, KSQ nəticəsi tez düşür, motivasiya sınır.
Davamiyyət düşəndə riyaziyyatda boşluq sürətlə böyüyür, sonra bərpa çətinləşir.
“Repetitor var” düşüncəsi sinifdə məsuliyyəti azalda bilər.
Mövzu çətinləşdikcə zəif şagirdlər geridə qalır, sinifdə səviyyə fərqi artır.
Bu SWOT-dan çıxan praktik 3 addım (KSQ-nin keyfiyyətini artırmaq üçün)
Addım 1: KSQ-dan sonra 15 dəqiqəlik “səhv xəritəsi”
Müəllim KSQ-nu yoxlayır və sinfə 3 maddə deyir:
1. ən çox edilən səhv, 2) səbəbi, 3) düzgün həll nümunəsi.
Şagirdlər həmin 3 səhv üzrə 3 qısa tapşırıq həll edir.
Addım 2: “Bərpa qrupu” – 2 həftəlik qısa plan
Nəticəyə görə 5–8 şagird seçilir (zəif qrup).
Həftədə 2 dəfə 20 dəqiqə: yalnız zəif mövzunun əsas addımları.
2 həftənin sonunda 5 suallıq mini-ksq ilə yoxlanılır.
Addım 3: KSQ tapşırığını balansla (3 tip sual)
Hər KSQ-da ən azı belə olsun:
ü 2 sual: qayda + hesablama
ü 2 sual: anlayışın yoxlanması (nəyə görə belədir?)
ü 1 sual: tətbiq (sadə situasiya, gündəlik məna)
Bu balans KSQ-nu “təkcə hesablama”dan çıxarır.
NÜMUNƏ 3: Valideynlərlə iş üzrə SWOT analiz
S – Güclü tərəflər (bizdə işləyən nə var?)
Sinif rəhbərlərinin çoxu valideynlə ünsiyyət qura bilir, əlaqə “sıfırdan” deyil.
Sinif qrupları (WhatsApp və s.) var, məlumatı tez çatdırmaq olur.
Bir sıra valideynlər məktəbə dəstəyə açıqdır, tədbirdə, təmir işində, təşəbbüsdə kömək edirlər.
Valideyn iclasları keçirilir, yəni görüş üçün ənənə və imkan mövcuddur.
W – Zəif tərəflər (bizdə nə çatmır?)
Ünsiyyət çox vaxt yalnız problem çıxanda artır, normal vaxtda əlaqə zəifləyir.
Eyni məktəbdə sinifdən sinfə yanaşma fərqlidir. Bir sinifdə sistem var, digərində qarışıqlıq.
Mesajlar bəzən uzun və qarışıq olur, valideyn əsas fikri tutmur.
Bəzi valideynlər iclasa gəlmir, məktəblə əlaqə “qırıq” qalır, nəticədə məsuliyyət də zəifləyir.
O – İmkanlar (kənardan bizə kömək edə biləcək nə var?)
Valideynlərin böyük əksəriyyətinin telefonu var, qısa xəbərdarlıq mexanizmi qurmaq olur.
Məktəbdə “valideyn saatı” kimi sadə qrafik qurmaq mümkündür, görüşlər daha rahat təşkil olunur.
Məktəb psixoloqu və sosial pedaqoq valideynlə işdə real dəstək verə bilər.
Valideynlər üçün 10–15 dəqiqəlik qısa maarifləndirmə mövzuları seçmək olur (davamiyyət, telefon asılılığı, ev tapşırığına dəstək).
T – Risklər (kənardan işi çətinləşdirən nə var?)
Bəzi ailələrdə sosial çətinliklər var, valideyn məktəbə vaxt ayıra bilmir.
Bəzi valideynlər “məktəb özü həll etməlidir” yanaşması ilə məsuliyyəti üzərindən atır.
Sosial şəbəkə və şayiələr məlumatı tez yayır, yanlış anlaşılma sürətlə böyüyə bilir.
Valideynin məktəbə inamı zəifləyəndə şagird də məsuliyyəti aşağı salır.
Bu SWOT-dan çıxan praktik 3 addım (ən sadə, işlək)
Addım 1: “Qısa və aydın mesaj” qaydası
Sinif qrupuna yazılan hər məlumat 3 hissədən ibarət olsun:
1. nə baş verdi, 2) nə edilməlidir, 3) son tarix.
Uzun izahlar minimum olsun. Valideyn nəyi etməli olduğunu dərhal başa düşsün.
Addım 2: “İclas yox, əlaqə ritmi”
Hər ay 1 dəfə bütün valideynə qısa ümumi məlumat: davamiyyət, əsas işlər, 1 xəbərdarlıq, 1 təşəkkür.
Məqsəd odur ki, valideyn məktəbi yalnız problem vaxtı xatırlamasın.
Addım 3: “Əlaqəsi qırıq valideynlər” üçün siyahı və çıxış yolu
İclasa gəlməyən, zəngə cavab verməyən valideynlər siyahıya alınır.
Sinif rəhbəri + sosial pedaqoq birgə 2 addım edir:
1. qısa fərdi zəng, 2) mümkün olmasa məktəbə dəvət və ya görüş vaxtı təyin etmək.
Bu valideynlər “görünməz” qalmır, əlaqə bərpa olunur.
Sinif rəhbərlərinin fəaliyyəti üzrə SWOT ANALİZ
Məqsəd
Sinif rəhbərlərinin sinif idarəçiliyi, şagirdlə iş, valideynlə əlaqə və sənədləşmə sahələrində işinin real vəziyyətini görmək. Güclü tərəfləri möhkəmləndirmək, zəif qalan yerləri düzəltmək və siniflər üzrə işi eyni ritmə salmaq.
Sübut bazası (qısa)
Davamiyyət və gecikmə qeydləri (son 1 ay)
Siniflər üzrə “2” faizi və yay tapşırığı olan şagird sayı
Valideyn müraciətlərinin ümumi mənzərəsi və sinif qruplarında ünsiyyət izi
Sinif sənədlərinə qısa baxış (jurnal, iclas qeydi, tədbir sənədləri, arayışlar)
Psixoloq/sosial pedaqoqun ümumi müşahidələri (risk qrupları, gərginlik nöqtələri)
S – Güclü tərəflər
Bir çox sinif rəhbəri şagirdləri yaxşı tanıyır və sinifin gündəlik ritmini saxlayır. Bu, həm intizama, həm də davamiyyətə müsbət təsir edir.
Valideynlə əlaqə üçün işlək kanallar var. Zərurət olanda valideynə tez çatmaq mümkündür.
Bəzi siniflərdə sinif sənədləri səliqəli aparılır. Tapşırıqlar vaxtında yerinə yetirilir və bu siniflərdə iş daha rahat idarə olunur.
Fəal sinif rəhbərlərinin təşkil etdiyi tədbirlər sinif mühitini yığır, şagirdlər arasında “biz sinifik” hissini gücləndirir.
W – Zəif tərəflər
Davamiyyətə reaksiya sinifdən sinfə dəyişir. Bəzi siniflərdə 1–2 gün buraxma dərhal görünür, bəzilərində problem yığılandan sonra üzə çıxır.
Riskli şagirdlə iş çox vaxt sistemsiz gedir. Şagirdin çətinliyi bilinir, amma ardıcıl izləmə və qısa dəstək planı hər yerdə yoxdur.
Valideynlə ünsiyyət bəzən yalnız problem vaxtı aktivləşir. Bu da gərginliyi artırır və anlaşılmazlıq yaradır.
Sənədləşmə və məlumatların toplanması eyni standartda deyil. Bu fərq məktəbin ümumi nəzarətini çətinləşdirir.
O – İmkanlar
Məktəbdə vahid şablon və qaydalar tətbiq etməklə sinif rəhbərlərinin işi yüngülləşdirilə bilər. Məsələn həftəlik davamiyyət icmalı, risk siyahısı, valideynə qısa mesaj forması.
Uğurlu sinif rəhbərlərinin təcrübəsini paylaşmaq mümkündür. 20 dəqiqəlik qısa müzakirə belə digər siniflərə real təsir edir.
Psixoloq və sosial pedaqoqun sinif rəhbərləri ilə planlı işi təşkil olunsa, riskli şagirdlər üzrə yük bölünər və nəticə daha tez görünər.
Valideynlərlə əlaqəni “problemdən problemə” deyil, ayda bir dəfə qısa məlumat ritmi ilə qurmaq mümkündür.
T – Risklər
Ailələrdə sosial çətinliklər və nəzarətin zəif olması bəzi siniflərdə davamiyyəti və intizamı tez sındıra bilər.
Davamiyyət düşəndə mövzu boşluğu böyüyür, şagird geridə qaldıqca məktəbdən uzaqlaşma riski artır.
Sosial şəbəkə və şayiələr yanlış anlaşılmanı sürətlə böyüdə bilər. Bu halda sinif rəhbərinin gec reaksiyası problemi ağırlaşdıra bilər.
Sinif rəhbərlərinin əlavə tapşırıqlarla yüklənməsi əsas işi kölgədə qoya bilər. İş “çox iş görmək” şəklinə keçəndə keyfiyyət azalır.
SWOT-dan çıxan praktik addımlar (4 addım)
1) Davamiyyətə eyni reaksiya qaydası
Səbəbsiz buraxma olan gün valideynə qısa məlumat verilir. Təkrar buraxma varsa sinif rəhbəri sosial pedaqoqla birgə görüş planlaşdırır.
2) Riskli şagirdlər üçün qısa izləmə siyahısı
Hər sinif rəhbərində 5–10 şagirdlik “risk siyahısı” olur. Hər şagird üçün səbəb 1 cümlə, görüləcək iş 1 cümlə yazılır. 2 həftədən bir yenilənir.
3) Valideynlə əlaqə ritmi
Ayda 1 dəfə bütün valideynlərə qısa məlumat: davamiyyətin vəziyyəti, sinifdə əsas işlər, bir tapşırıq, bir təşəkkür. Ünsiyyət problemə “çatanda” yox, problem yaranmadan qurulur.
4) Sənədləşmə üçün vahid yoxlama siyahısı
Sinif sənədləri üçün 1 səhifəlik siyahı tətbiq olunur. Ayda 1 dəfə qısa yoxlama edilir ki, fərqlər yığılmasın.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.