
Müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edildi
Məktəblərdə idarəetmə standartlarını, pedaqoji heyətin fəaliyyətini tənzimləyən normativ sənədləri və təhsil mühitindəki dəyişiklikləri izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb rəhbərlərinin iş prinsipləri və ölkəmizin maarif sistemində qəbul edilən rəsmi qərarlardan xəbərdar olmaq üçün bizi izləyin.
“Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər’in” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Direktor.az xəbər verir ki, sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.
TƏLƏBLƏR
1 . Ümumi müddəalar
1.1. Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər
(bundan sonra – Tələblər) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
12.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil
müəssisələrində (bundan sonra – məktəb) təhsilverənlər (bundan sonra – təhsilverənlər)
üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir.
1.2. Bu Tələblər xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə
şamil edilmir.
1.3. Bu Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın
müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.
1.4. Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə
məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu Tələblərə riayət
etməlidirlər.
1.5. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən
tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim
elementlərindən istifadə edilməsinə yol verilir.
1.6. Təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi
təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.
1.7. Bu Tələblərə təhsilverənlər tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi
nəzarət edir.
1.8. Bu Tələblərə təhsilverənlər tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin
Pedaqoji Şurası tərəfindən həll edilir.
1. Təhsilverənlərin geyiminə dair ümumi tələblər
2.1. Təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda
(fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi
zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat
geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
2.2. Bu Tələblərin 2.1-ci bəndi nəzərə alınmaqla təhsilverənlər üçün aşağıdakı geyimlər
müəyyən edilir:
2.2.1. kişi təhsilverənlər üçün:
2.2.1.1. sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
2.2.1.2. uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı
klassik köynək;
2.2.1.3. təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik
üslubda sviter, pulover və ya jilet;
2.2.1.4. klassik ayaqqabı.
2.2.2. qadın təhsilverənlər üçün:
2.2.2.1. sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya
pencək və don);
2.2.2.2. uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
2.2.2.3. uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı
klassik köynək və ya kofta;
2.2.2.4. klassik ayaqqabı.
2.3. Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane
olmamalıdır.
2.4. Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar
mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun
olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin