
OYU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
Ali təhsil ocaqlarındakı tədbirləri, gənclərin insan hüquqları mövzusundakı elmi çıxışlarını izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı mühüm konfransları, rəsmi çıxışları və təhsil mühitindəki əlamətdar təşəbbüsləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
Odlar Yurdu Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Odlar Yurdu Universitetində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə "Suverenliyimiz milli qürurumuzdur" mövzusunda tədbir təşkil olunub.
Konfrans İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi və 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən "Sülh Aylığı" çərçivəsində reallaşdırılıb. Təşəbbüsün əsas qayəsi cəmiyyətdə milli həmrəylik, sülh mədəniyyəti, insan hüquqları və dövlətçilik dünyagörüşünün möhkəmləndirilməsinə töhfə verməkdir.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin, o cümlədən lokal xarakterli antiterror əməliyyatında həyatını itirmiş polis zabitlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir proqramı çərçivəsində ilk olaraq Azərbaycanın suverenliyinin tam bərpasından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib. Ardınca Odlar Yurdu Universitetinin İdarəetmə şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxış edərək suverenliyin bərpasının müasir tariximiz və dövlətçiliyimiz baxımından daşıdığı mühüm siyasi çəkini diqqətə çatdırıb.
Konfransın gedişatında tələbələrin müxtəlif mövzularda hazırladıqları məruzələr dinlənilib:
Ceyla Rəstəmi Niri: "Dövlət suverenliyi və milli kimlik: Azərbaycan gənclərinin dövlətçilik şüurunun formalaşması"
Aysun Əhmədova: "Antiterror əməliyyatından öncə Qarabağdakı ekoloji vəziyyət"
Adil Şiriyev: "Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası: tarixi-siyasi mərhələlər və hüquqi əsaslar"
Nigar İsmayılova: "Azərbaycanın dövlət suverenliyinin təmin edilməsində milli təhlükəsizlik siyasətinin rolu"
Tədbir bədii hissə ilə yekunlaşıb. Odlar Yurdu Kollecinin tələbəsi Xanım Hüseynova və Odlar Yurdu Universitetinin tələbəsi Səməd Muradovun ifasında səsləndirilən "Vətən" mahnısı ilə tədbir başa çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin