
OYU-da “Zəfərə sancılan bayraq” adlı tədbir keçirilib
Ali təhsil müəssisələrində keçirilən zəfər ruhlu layihələri, tələbə təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki ən son tədbirlər, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərə sancılan bayraq” adlı tədbir keçirilib. Tədbir tələbələrdə Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və vətəndaşlıq məsuliyyətinin möhkəmləndirilməsinə xidmət edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbir Dövlət Himninin və “Zəfər Marşı”nın tələbələrin ifasında səsləndirilməsi ilə başlayıb. İkinci Vətən müharibəsində və Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin açılış nitqi ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev çıxış edib. O, 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor bildirib ki, Zəfər Günü Azərbaycan xalqının birliyinin, iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Çıxışında şəhidlərin xatirəsinə ehtiramını ifadə edən professor Əhməd Vəliyev Azərbaycan Ordusunun qəhrəmanlığını və Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş Qələbəni xüsusi vurğulayıb. O, tələbələri tarixi yaddaşa sadiq qalmağa, Vətənə və dövlətə bağlılıq hissini qorumağa, təhsil və elmlə ölkənin gələcək inkişafına töhfə verməyə çağırıb.
Daha sonra Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev tədbir iştirakçılarına müraciət edib. Dövlət bayrağının müstəqilliyin və dövlətçiliyin ümummilli rəmzi olduğunu bildirən Samir Vəliyev Bayraq Günü və Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, tarixi yaddaşın qorunmasının və vətəndaşlıq məsuliyyətinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. O, tələbələrin bu cür tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib.
Yaradıcılıq və mədəni tədbirlər departamentinin rəhbəri Xatirə Tağıyevanın təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş şahmat, məntiq və bilik yarışlarının qalibləri mükafatlandırılıb.
Proqram tələbələrin məruzələri ilə davam edib. Filologiya ixtisasının 660 saylı qrup tələbəsi Gültəkin Həbibova “Zəfərə aparan yolda əbədi məşəl – Tarixi zəfərdə Heydər Əliyev imzası”, Maliyyə ixtisasının 572 saylı qrup tələbəsi İbrahim Həsənov “İşğaldan azad torpaqlarda ucalan zəfər bayrağı”, Biznesin idarə edilməsi ixtisasının 26 saylı qrup tələbəsi Almaz Baxışlı “Dəmir yumruq – Qələbənin tarixi əsası”, Filologiya ixtisasının 656 saylı qrup tələbəsi Nigar İsmayılova isə “Tariximizi zəfərlə yazdıq, gələcəyimizi dövlətçilik məsuliyyəti ilə qururuq” mövzularında çıxış ediblər.
Tədbir tələbələrin iştirakı ilə “Qarabağ şikəstəsi” kompozisiyasının təqdimatı ilə yekunlaşıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

