
OYU və Şərqi Aralıq Dənizi Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
Ali təhsil sahəsindəki qlobal tərəfdaşlıqları, beynəlxalq əlaqələrin genişlənməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı beynəlxalq layihələr, akademik yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq Dənizi Universitetinin nümayəndələrinin iştirakı ilə elmi seminar və universitetlərarası əməkdaşlıq görüşü keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə OYU-dan bildirilib. Tədbirdə Şərqi Aralıq Dənizi Universitetinin professoru Dr. Kağan Günçe və dosent, doktor Süheyla Üçışik iştirak ediblər. Seminar çərçivəsində iki aktual mövzu – “Memarlıq, mədəni irs və yaddaş: keçmişdən gələcəyə kimlik, məkan və davamlılıq” və “İqtisadiyyatda, akademik mühitdə və əmək həyatında qadının rolu” ətrafında elmi müzakirələr aparılıb.
Birinci mövzu üzrə memarlıq irsinin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi, kimlik və məkan anlayışlarının əhəmiyyəti diqqətə çatdırılıb. Digər mövzu çərçivəsində isə qadınların iqtisadi və akademik sahələrdə iştirakı, əmək həyatındakı mövqeyi və cəmiyyətdəki rolu müzakirə olunub.
Tədbirdə Odlar Yurdu Universitetinin elmi işlər və keyfiyyət təminatı üzrə prorektoru, professor Fəxrəddin Məmmədov, tədris işləri üzrə prorektoru, dosent Qabil Qafarov, Təbiət və texnologiya fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmova, Humanitar, təhsil və dillər fakültəsinin dekanı, dosent Nuridə Muxtarzadə, İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı, PhD Aydın Əliyev və İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pərvanə Əliyeva iştirak ediblər.
Görüş zamanı iki universitet arasında elmi əlaqələrin inkişaf etdirilməsi, akademik təcrübə mübadiləsinin genişləndirilməsi, birgə elmi tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə layihələrin hazırlanması məsələləri müzakirə olunub. Tərəflər seminarların, elmi müzakirələrin və təcrübə mübadiləsi xarakterli tədbirlərin davamlı təşkilinin əhəmiyyətini vurğulayıblar.
Görüş çərçivəsində prorektor professor Əhməd Vəliyev qonaqları qəbul edib, onlara təşəkkür sertifikatı və xatirə hədiyyələri təqdim edib.
Müzakirələr zamanı, həmçinin 2027-ci ildən etibarən tələbə və müəllim mübadiləsi proqramına başlanılması barədə qərar qəbul edildiyi bildirilib. Bu təşəbbüsün universitetlər arasında akademik əlaqələrin genişlənməsinə və qarşılıqlı təcrübə mübadiləsinə töhfə verəcəyi gözlənilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

