
Şamaxıda iki yeni körpələr evi-uşaq bağçasının açılışı olub
Məktəbəqədər təhsil infrastrukturunun müasirləşdirilməsi, regionlarda uşaqların təlim-tərbiyəsi üçün yaradılan müasir şəraiti izləmək üçün direktor.az-a abunə olun. Yeni təhsil ocaqlarının açılışları, dövlət proqramlarından məlumatlı olmaq üçün bizi izləyin.
Oktyabrın 26-da Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının və Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Hər iki açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edib, yaradılan şəraitlə tanış olublar.
Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Xınıslı körpələr evi-uşaq bağçası 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var. Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib. Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.
Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.
Bundan başqa, Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondu tərəfindən 2025-ci ildə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, qrup otaqları əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı sahədə söhbətgahlar, uşaq əyləncə qurğuları ilə təmin edilmiş meydança inşa olunub.
160 uşaq yerlik körpələr evi-uşaq bağçasında qızlar və oğlanlar üçün yataq otaqları, qrup otaqları, musiqi və gimnastika zalları, mətbəx, yeməkxana, tibb və digər inzibati və texniki otaqlar yaradılıb. Körpələr evinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Məktəbəqədər təhsil müəssisəsinin müdiri Aygün Mikayılova bildirib ki, 7750 nəfər sakini olan kənddə 55 nəfərlik köhnə uşaq bağçası var. Lakin təmirsiz və yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi inşa olundu. Körpələr evi-uşaq bağçası 3 qrupdan ibarətdir: 2-3 yaş, 3-4 yaş və 4-5 yaş. Məktəbəqədər təhsil müəssisəsinin 17 nəfərlik heyəti var ki, onlardan 12-si texniki, 5-i isə pedaqoji işçidir.
Qeyd edək ki, ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

