
SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib
Azərbaycanın ali məktəblərində əcnəbi tələbələrin təhsil imkanları, qlobal akademik tərəfdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Beynəlxalq tələbə qəbulu, diplomatik görüşlərdə səsləndirilən strateji qərarlardan xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) 2026/2027-ci tədris ilində universitetə qəbul olunmuş əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşü giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli əcnəbi tələbələri salamlayaraq onların universitetin böyük ailəsinin bir üzvü olduqlarını vurğulayıb. Rektor qeyd edib ki, SDU ailəsinin bir parçasıdırlar. O, tələbələrin universitetin ictimai və akademik həyatında fəal iştirakının, özlərini bu mühitin ayrılmaz hissəsi kimi hiss etmələrinin vacibliyini diqqətə çatdırıb. Nurəli Yusifbəyli tələbələrə təhsil müddətində uğurlar arzulayaraq universitetin onların akademik inkişafı və yeni mühitə uyğunlaşması üçün dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova universitetdə təxminən 15 ölkədən olan beynəlxalq tələbələrin təhsil almasının yalnız Sumqayıt Dövlət Universitetinə deyil, həm də Azərbaycanın zəngin mədəniyyətinə, adət-ənənələrinə və qonaqpərvərliyinə göstərilən marağın ifadəsi olduğunu vurğulayıb.
Aysel Eminova xarici ölkədə təhsil almağın həm həyəcanverici, həm də müəyyən çətinliklərlə müşayiət olunan bir təcrübə olduğunu bildirib. O, tələbələrin yeni dil və mədəniyyətlə tanış olmaq, fərqli ölkələrdən olan insanlarla dostluq münasibətləri qurmaq və yeni imkanlar qazanmaq şansı əldə etdiklərini qeyd edib. Bildirib ki, qarşılaşdıqları çətinliklər onların şəxsi inkişafına, müstəqil qərarlar vermək bacarıqlarının formalaşmasına və yeni mühitə uyğunlaşmasına töhfə verəcək.
Görüş çərçivəsində magistratura səviyyəsində Ekologiya mühəndisliyi ixtisasının ingilis bölməsi üzrə “Parlaq Gələcək” təqaüd proqramı ilə təhsil alan Pakistan vətəndaşı Usman Sohail çıxış edərək proqrama qəbulundan, universitetdəki müsbət təhsil mühitindən, təəssüratlarından və gələcək karyera planlarından danışıb.
Bakalavriat səviyyəsində təhsil alan Pakistan vətəndaşı Areeba Umer Hayat və Qazaxıstan vətəndaşı Tanita Alexeyeva da öz fikirlərini bölüşərək universitetdə təhsil almaqla bağlı təəssüratlarını diqqətə çatdırıblar.
Orientasiya görüşünün keçirilməsində əsas məqsəd əcnəbi tələbələrin universitetin akademik və sosial mühitinə uyğunlaşmasına dəstək göstərmək, onları mövcud imkanlar barədə məlumatlandırmaq və tələbələr arasında ünsiyyətin gücləndirilməsinə şərait yaratmaqdır. Qeyd edək ki, cari tədris ilində Sumqayıt Dövlət Universitetini seçən əcnəbi tələbələrin sayı ötən illə müqayisədə iki dəfədən çox artıb. Bu dinamika universitetin beynəlxalq səviyyədə cəlbediciliyinin və xarici tələbələr arasında nüfuzunun yüksəldiyini göstərir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

