
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan tədbirlər keçiriləcək
Məktəb və universitetlərimizdəki ictimai fəaliyyətləri və təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Rəsmi qərarlar, təhsil ocaqlarında keçirilən təntənəli proqramlardan məlumatlı olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, 6-7 noyabr tarixlərində bütün təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediləcək.
Bununla yanaşı, Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş forum, konfrans, simpozium, “dəyirmi masa” və seminarların keçirilməsi planlaşdırılır. Tədbirlər çərçivəsində şagird və tələbələrin Zəfər Muzeyinə ekskursiyaları təşkil olunacaq, həmçinin müxtəlif müsabiqə, sərgi, festival, konsert və tamaşalar keçiriləcək.
Eyni zamanda ildönümünə həsr olunmuş idman yarışlarının, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, eləcə də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” layihəsi çərçivəsində müharibə iştirakçılarının gənclərlə mütəmadi görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Tədbirlərin əsas məqsədi Zəfər tarixinin təhsilalanlar arasında təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qazanılmış Zəfərin yaddaşlarda yaşadılmasıdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

