
Təhsil nümayəndələri məktəblərdə keyfiyyətli sistem prosesini müzakirə ediblər
Məktəblərdə müasir pedaqoji yanaşmalar və təhsildə keyfiyyətin artırılmasına yönəlmiş mühüm konfranslardan xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi və məktəb həyatındakı proseslərdən xəbərdar olmaq üçün bildirişləri aktiv edin.
Paytaxtda yeni tədris ilinə həsr olunan təhsil konfransı keçirilib.
Direktor.az xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı genişmiqyaslı konfrans baş tutub. Tədbir Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, eləcə də “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə reallaşıb.
Görüşün məqsədi məktəblərdə yeni tədris ilinin müasir pedaqoji tələblərə uyğun, sistemli olmasına dəstək göstərmək, təlim prosesindəki aktual məsələləri müzakirə etmək olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Konfransın açılışında çıxış edən AGMA sədri Pərvinə Qədimova dərsin keyfiyyətinin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və qabaqcıl metodların tətbiqi kimi məsələlərə toxunub.
Tədbirdə Milli Məclisin deputatı Mehriban Vəliyeva da çıxış edərək məktəb mühitinin zənginləşdirilməsi, və pedaqoqların davamlı inkişafının vacibliyini qeyd edib.
Proqram çərçivəsində təqdimatlar bölməsində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” mövzusunda çıxış edərək statistik məlumatların şagird inkişafında rolunu diqqətə çatdırıb.
Qurumun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva isə “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimatla dərslərin səmərəli müşahidəsi və təhlil mexanizmlərindən danışıb.
Konfransın yekun hissəsi Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudovanın moderatorluğu ilə baş tutan “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və təbiət fənlərinin tədrisində müasir yanaşmalar” adlı panel müzakirəsi ilə davam edib. Paneldə Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, ARTİ-nin şöbə müdiri Afərin Əkbərli və Bakı Mühəndislik Universitetinin dosenti, dərslik müəllifi Elşad Yunusov çıxış edərək nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsi və şagirdyönümlü təlimin qurulması istiqamətində təcrübələrini bölüşüblər.
Yeni tədris ilində müasir metodologiyanın təşviqi və sağlam məktəb mühitinin formalaşması baxımından məhsuldar keçən konfrans çıxışçılara və iştirakçılara təşəkkürün bildirilməsi ilə başa çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin