
ADA-dan Azərbaycan Dövlət Aqrar Universitetinə hədiyyə
Ali təhsil müəssisələri arasındakı elmi-mədəni əməkdaşlığı, universitet həyatındakı mühüm hadisələri izləmək üçün direktor.az- abunə olun. Elm və ali təhsil gündəmindəki təşəbbüslərdən, rəsmi yeniliklərdən və aktual xəbərlərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
ADA Universiteti ADAU-ya "Azərbaycan" qəzetinin 15 cildlik külliyyatını hədiyyə edib.
Direktor.az xəbər verir ki, bu barədə ADA universitetindən bildirilib. ADA-nın təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn fundamental elmi-tarixi nəşr — "Azərbaycan" qəzetinin (1918–1920) 15 cildlik külliyyatı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) bəxşiş olunub.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi mətbuat orqanı olmuş "Azərbaycan" qəzetində həmin dövrdə dərc edilmiş yazılar ərəb qrafikalı əlifbadan müasir latın qrafikasına uyğunlaşdırılaraq oxuculara təqdim olunur. Çoxcildlikdə arxiv materialları ilə yanaşı, oxunuşu və tədqiqi asanlaşdırmaq məqsədilə xüsusi lüğət, izah və şərhlər, həmçinin adlar göstəricisi də yer alıb.
Toplunun transliterasiyasını filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq-tərcüməçi Azad Ağaoğlu həyata keçirib, layihənin elmi redaktorluğunu isə akademik Teymur Kərimli icra edib. Nəşrin əsas qayəsi Cümhuriyyət dövrünün zəngin ictimai-siyasi və mədəni salnaməsini dərindən araşdırmaq, milli yaddaşı qoruyaraq onu gələcək nəsillərə dolğun şəkildə ötürməkdir.
Külliyyatda AXC dövründə cərəyan edən ictimai-siyasi hadisələr, qəbul edilən mühüm qərarlar, parlament çıxışları, paytaxt və regionların həyatı, xüsusilə də Qarabağ və Zəngəzur bölgələrində baş verən tarixi proseslərə dair ətraflı məlumatlar toplanıb.
ADAU rəhbərliyi və kollektivi təhsil ocağının kitabxana fonduna daxil edilən bu dəyərli və tarixi töhfəyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə dərin təşəkkürünü və minnətdarlığını ifadə edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin