
Aqrar sahədə təhsil alan tələbələrə təqaüd veriləcək
Təhsil və biznes sektorundakı ən son əməkdaşlıqlar, təqaüd proqramları və karyera imkanlarından xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Təhsilinin inkişafı, müasir kadr hazırlığı və əmək bazarındakı yeniliklər üçün bildirişləri aktiv edin.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Agro Dairy" MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Aqrar sahədə təhsil alan tələbələrə təqaüd veriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən bildirilib. Aqrar sektorun aparıcı şirkətlərindən olan "Agro Dairy" MMC nümayəndələri ilə görüş keçirilib. Görüşün məqsədi kənd təsərrüfatı istiqaməti üzrə təhsil alan gənclər üçün təqaüd proqramının təsis edilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi olub.
Qonaqlar üçün mərkəzin tədris və istehsalat infrastrukturu ilə tanışlıq məqsədilə infotur təşkil olunub. Şirkət təmsilçiləri laboratoriyalar, təlim sahələrinə baş çəkib, xüsusilə müasir avadanlıqlarla təchiz olunmuş meyvə qurutma məntəqəsinin iş prinsipi və tələbələrin praktiki hazırlıq şəraiti ilə yaxından tanış olublar.
Daha sonra rəsmi hissədə mərkəzin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib. Təhsil ocağının direktoru Qalib Nəbiyev çıxış edərək son qəbul göstəriciləri, məzunların məşğulluq statistikası barədə məlumat verib.
"Agro Dairy" MMC-nin Mərkəzi İnsan Resursları rəhbərliyi və digər nümayəndələri isə aqrar sahənin perspektivlərindən, peşə təhsili ilə biznes sektoru arasındakı inteqrasiyanın vacibliyindən söz açıblar.
Toplantıda tələbələrin əmək bazarına hazırlanması və birgə layihələrin icrası müzakirə edilib. Görüşün yekununda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Agro Dairy" MMC arasında birgə fəaliyyəti, kadr hazırlığını və tələbələrə yeni imkanların yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin