
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bağçalarda valideyn konfransları keçirilib
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüsləri, məktəb idarəçiliyinə dair qərarları izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı təlim-tərbiyə prosesləri, rəsmi tövsiyələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrini əhatə edən Valideyn konfranslarına start verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüş Xətai, Xəzər və Pirallahı rayonları üzrə təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Konfransda BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.
Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova bildirib ki, bu platforma tərəflər arasında açıq dialoqu genişləndirir və birgə təşəbbüslərin yaranmasına şərait yaradır. Həmçinin vurğulayıb ki, burda aparılan müzakirələr əməkdaşlığın daha sistemli və davamlı şəkildə qurulmasını təmin edir.
“Uşağın psixoloji və emosional inkişafı”, “Valideyn və pedaqoq: vahid komanda” və “Sağlam uşaq, sağlam mühit və sağlam gələcək” mövzuları üzrə təqdimatlarla çıxış edən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri uşaqların psixoloji və emosional inkişafının dəstəklənməsi, inklüziv təhsil, hər bir uşağın fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılması məsələlərini diqqətə çatdırıb.
Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.
Konfransın keçirilməsində əsas məqsəd valideynlər və məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların hərtərəfli inkişafına dair aktual məsələlərin müzakirəsi, inklüziv təhsil mühitinin təşviqi və valideynlərin maarifləndirilməsindən ibarətdir.
Qeyd edək ki, Valideyn konfranslarının paytaxtın inzibati rayonları üzrə bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edəcəyi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

