
Həmkarlar İttifaqları Konfederasiyasının sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
İdarəetmə, innovasiya və liderlik sahəsindəki mühüm yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Peşəkar təcrübələrdən və təhsil gündəmindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib.
Direktor.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mentorluq Proqramı çərçivəsində növbəti görüş baş tutub. AHİK sədri Sahib Məmmədov sayca beşinci “Yüksəliş” müsabiqəsində uğur qazanan Qoşqar Daşdıyevlə bir araya gəlib.
Görüş zamanı Q.Daşdıyev son dövrlərdə “Kurort” QSC, “Abşeron” Sağlamlıq və İstirahət Mərkəzi, eləcə də “Kurort” Turizm İnformasiya Mərkəzinə etdiyi səfərlərdən bəhs edib. O, bu müəssisələrin iş prinsipləri ilə tanışlığı, apardığı müşahidələr və qazandığı praktiki biliklər barədə fikirlərini bölüşüb.
Tərəflər idarəetmədə müasir meyarlar, innovativ yanaşmalar və qalibin gələcək fərdi inkişaf trayektoriyasını müzakirə ediblər. Xüsusilə iş proseslərinin rəqəmsallaşdırılması, yeni texnologiyaların təşkilati idarəetməyə tətbiqi və süni intellekt imkanlarından səmərəli istifadə perspektivləri diqqət mərkəzində olub. Həmçinin əməkdaşlığın növbəti mərhələsində planlaşdırılan görüşlər və təcrübə mübadiləsi istiqamətində addımlar nəzərdən keçirilib.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə əsası qoyulan “Yüksəliş” müsabiqəsi istedadlı kadrların aşkara çıxarılmasını hədəfləyir. Qaliblər təcrübəli rəhbər şəxslərdən bir il ərzində mentorluq dəstəyi almaqla yanaşı, fərdi inkişafları üçün nəzərdə tutulan 20 min manatlıq pul mükafatına da yiyələnirlər. Qeyd edək ki, layihənin sayca altıncı müsabiqəsinin təşkili ilə bağlı Prezident müvafiq Sərəncamı 2025-ci il dekabrın 10-da imzalayıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin