
OYU-da Dizayn ixtisası tələbələri ilə görüş keçirilib
Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin təmin olunmasını, tələbələrin əmək bazarına inteqrasiyasını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, tələbələrin peşəkar inkişafı və universitet mühitində baş verən xəbərlər üçün bizi izləməyə davam edin.
Odlar Yurdu Universitetində Dizayn ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşün əsas məqsədi tələbələri tədris prosesinin təşkili, təcrübə və karyera imkanları barədə məlumatlandırmaq, onların sual, təklif və müraciətlərini dinləmək olub. Görüşdə Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov, Təbiət və Texnologiyalar fakültəsinin dekanı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sevinc Məhərrəmova, Strateji İnkişaf və Karyera Departamentinin rəhbəri Aslan Əzimzadə və Keyfiyyət Təminatı və Akkreditasiya İşləri Departamentinin nümayəndəsi Nigar İbrahimova iştirak ediblər.
Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov universitetin daxili qaydaları, nizam-intizam prinsipləri və tədris prosesinin təşkili ilə bağlı tələbələrə məlumat verib.
Təbiət və Texnologiyalar fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmova tələbələrlə görüş zamanı fakültədə infrastrukturun yenilənməsi və Dizayn Mərkəzinin yenidən qurulması istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib. Sevinc Məhərrəmova, həmçinin tələbələrin qarşılaşdıqları məsələlərə diqqətlə yanaşılmasının, onların müraciət, təklif və təşəbbüslərinin nəzərə alınmasının təhsil mühitinin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Strateji İnkişaf və Karyera Departamentinin rəhbəri Aslan Əzimzadə Dizayn ixtisası üzrə tələbələrin təcrübə proqramlarına cəlb olunması və praktiki fəaliyyət imkanları barədə məlumat verib. Bildirilib ki, 4-cü kurs Dizayn ixtisası tələbələrinin müxtəlif şirkətlərdə təcrübə keçməsinin təmin olunması məqsədilə danışıqlar aparılır. Eyni zamanda, tələbələrin tikinti layihələrində təcrübə keçməsi imkanlarının yaradılması istiqamətində müzakirələr davam etdirilir. Qeyd olunub ki, bu imkanların tələbələrin ixtisasları üzrə praktiki bilik və bacarıqlarının inkişafına, real iş mühiti ilə tanış olmalarına və gələcək karyeralarına hazırlıq prosesinə töhfə verməsi nəzərdə tutulur.
Keyfiyyət Təminatı və Akkreditasiya İşləri Departamentinin nümayəndəsi Nigar İbrahimova tələbələrə anonim sorğuların əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, tələbələrin təhsil prosesi ilə bağlı fikir, təklif və rəylərinin öyrənilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi və mövcud proseslərin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı Dizayn ixtisası üzrə tədris proqramı, tələbələrin qarşılaşdıqları məsələlər və onların təhsil prosesi ilə bağlı təklifləri də müzakirə olunub. Həmçinin tələbələrin magistratura səviyyəsində müvafiq ixtisasların olub-olmaması ilə bağlı sualları cavablandırılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, tələbələrin təklif və müraciətləri dinlənilib, onların təhsil və gələcək peşə fəaliyyətləri ilə bağlı sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin