
Paytaxt bağçalarında valideynlərlə əməkdaşlığa həsr olunan konfranslar yekunlaşıb
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüsləri, məktəb idarəçiliyinə dair qərarları izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı təlim-tərbiyə prosesləri, rəsmi tövsiyələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrini əhatə edən valideyn konfransları başa çatıb.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində sonuncu görüş Yasamal, Nəsimi və Nizami rayonları üzrə təşkil olunub.
Konfransda BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri “Uşağın psixoloji və emosional inkişafı”, “Valideyn və pedaqoq qarşı tərəf deyil, vahid komandadır”, “Valideynlərin tədris fəaliyyətlərində iştirakı” və “Sağlam uşaq, sağlam mühit, sağlam gələcək” mövzuları üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda uşaqların fərdi ehtiyaclarına həssas yanaşma, inklüziv təhsil mühitinin dəstəklənməsi və ailə-bağça əməkdaşlığının uşaqların inkişafındakı müstəsna rolu vurğulanıb, valideynlərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Valideyn konfranslarının yekununda ailə və məktəbəqədər təhsil müəssisəsi arasında tərəfdaşlığın daha sistemli və davamlı müstəviyə keçməsi, həmçinin uşaqların hərtərəfli, sağlam və təhlükəsiz mühitdə formalaşması istiqamətində ortaq mexanizmlərin daha da gücləndirilməsi qərara alınıb.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd valideynlər və məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların hərtərəfli inkişafına dair aktual məsələlərin müzakirəsi, inklüziv təhsil mühitinin təşviqi və valideynlərin maarifləndirilməsindən ibarətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

