
Peşə ixtisasları üzrə imtahan keçirilib
İxtisaslar üzrə keçirilən praktiki imtahanlar, dövlət nümunəli sənədlərin verilməsi prosesi haqqında yeniliklər üçün direktor.az-a abunə olun. Qeydiyyat proseslərini, imtahan mərhələlərini və təhsil-məşğulluq gündəmindəki ən vacib yenilikləri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Kulinariya və qənnadçılıq sahəsində peşə səriştələrinin qiymətləndirilməsi üzrə praktiki imtahanlar baş tutub.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
TKTA vətəndaşların qeyri-formal və informal yollarla qazandıqları bacarıqların rəsmi tanınması prosesi çərçivəsində “Aşpaz” və “Qənnadçı-şirniyyatçı” ixtisasları üzrə praktiki imtahan mərhələsini təşkil edib. Qiymətləndirmə prosesi real iş şəraitində — “Honey Cake Studio” MMC-nin istehsalat bazasında həyata keçirilib.
İmtahana TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının rəhbərlik etdiyi Qiymətləndirmə Komissiyası nəzarət edib. Komissiyanın tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov və “Honey Cake Studio” MMC-nin rəhbəri Gülnar Rəsulova üzv qismində təmsil olunublar. Qiymətləndirmənin şəffaflığını və peşəkar standartlara uyğunluğunu təmin etmək məqsədilə prosesə müstəqil ekspert Bətul Hüseynli də cəlb edilib.
Bu təşəbbüsün başlıca qayəsi vətəndaşların əmək bazarında rəqabətqabiliyyətliliyinin gücləndirilməsi, onların fərdi məşğulluq imkanlarının genişləndirilməsi və dövlətin məşğulluq siyasətinə əməli töhfə verilməsidir.
Məlumat üçün bildirək ki, qeyri-formal və informal təhsilin leqallaşdırılması mexanizmi ardıcıl iki mərhələdən ibarətdir:
Nəzəri qiymətləndirmə: İlk olaraq iddiaçıların müvafiq peşə üzrə baza nəzəri bilikləri yoxlanılır;
Praktiki sınaq: Nəzəri mərhələdən uğurla keçən namizədlər istehsalat mühitində tətbiqi vərdiş, təcrübə və peşəkar səriştələrini nümayiş etdirirlər.
Hər iki pilləni müvəffəqiyyətlə tamamlayan namizədlərə dövlət nümunəli rəsmi peşə sənədi verilir. Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, TKTA tərəfindən təqdim olunan diplom və sertifikatlar ilk peşə təhsili səviyyəsinə bərabər tutulur. Bu sənəd sahibinə həm qanuni əsaslarla ixtisası üzrə əmək fəaliyyətinə başlamaq, həm də peşə təhsilinin sonrakı pillələrində akademik təhsilini davam etdirmək hüququ qazandırır.
Öz peşə təcrübəsini rəsmi diplomla təsdiqləmək istəyən şəxslər üçün qeydiyyat davam edir:
Qeydiyyat linki: https://tinyurl.com/53jmtf8z
Əlaqə telefonu: (+99450) 443-77-89
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin