
Qarabağ Universitetinin tələbələri Türkiyədə konqresdə iştirak ediblər
Gənclərin beynəlxalq elmi uğurları, universitetlərin akademik fəaliyyəti və tələbə tədqiqatları ilə bağlı xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrimizin nailiyyətləri və təhsil sahəsindəki mühüm hadisələri öyrənmək üçün bizi izləməyə davam edin.
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin tələbələri 5–9 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tələbələr Xədicə Bayramova, Fidan Şıxalıyeva və Xanım Əsədova nüfuzlu beynəlxalq elmi platformada apardıqları tədqiqatları təqdim edərək müxtəlif ölkələrdən olan alim, tədqiqatçı və tələbələrlə fikir mübadiləsi aparıblar.
Fidan Şıxalıyeva “Sinif otağında astronavtlar: Kosmos mövzulu dərslərin şagirdlərin STEM sahələrində karyeraya marağına təsiri” adlı tədqiqatını təqdim edib. Araşdırmada kosmos mövzulu dərslərin şagirdlərin elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrinə marağına və gələcək karyera seçimlərinə təsiri araşdırılıb.
Xədicə Bayramova “Kosmik texnologiyalar və sosial bərabərsizlik: Əslində, kim faydalanır?” adlı tədqiqatı ilə çıxış edib. Tədqiqatda kosmik texnologiyaların yaratdığı imkan və faydaların cəmiyyətdə bölüşdürülməsi, eləcə də bu texnologiyaların sosial bərabərsizlik kontekstində yaratdığı imkan və çağırışlar təhlil olunub.
Xanım Əsədova isə “Peyk əsaslı travmaya həssas təhsil şəbəkəsi (STRLN): Fəlakətdən sonrakı təhsil və psixososial dəstək üçün batareya ilə işləyən həll” adlı tədqiqatını təqdim edib. Araşdırmada fəlakətlərdən sonra təhsilin davamlılığını və psixososial dəstəyi təmin etmək məqsədilə peyk əsaslı, batareya ilə işləyən innovativ təhsil həllinin imkanları araşdırılıb.
Qarabağ Universitetinin tələbələrinin 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirakı onların elmi-tədqiqat fəaliyyətinin inkişafı, beynəlxalq akademik mühitdə təcrübə qazanması və tədqiqat nəticələrinin qlobal auditoriyaya təqdim olunması baxımından əhəmiyyətli olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin