
UNEC alim və tədqiqatçılar üçün süni intellekt təlimləri keçirəcək
Ali təhsil müəssisələrində süni intellekt alətlərinin tətbiqini, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədilə keçirilən görüşləri izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyi, rəqəmsal tədqiqat metodları və akademik mühitdəki innovativ təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət İqtisad Universitetində elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və qabaqcıl texnologiyaların tətbiqi məqsədilə yeni layihəyə start verilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Universitetin Ömürboyu Təhsil Mərkəzi ilə Elmi Fəaliyyətin Təşkili şöbəsinin birgə təşəbbüsü olan “Elmi fəaliyyətin təşkilində süni intellekt: effektiv tətbiq, akademik etika və tədqiqat keyfiyyəti” mövzusunda təlim proqramı fəaliyyətə başlayıb.
Layihənin başlıca hədəfi professor-müəllim heyətinə, gənc tədqiqatçılara və doktorantlara süni intellekt alətlərindən elmi fəaliyyətdə düzgün və etik çərçivədə yararlanma vərdişlərini aşılamaqdır.
İqtisad üzrə fəlsəfə doktoru Nərgiz Hacıyevanın rəhbərliyi ilə aparılan və ümumilikdə 10 saat davam edəcək proqram 29 sentyabr – 12 oktyabr tarixlərini əhatə edir.
Tədris prosesi 5 əsas istiqamət üzrə qurulub:
- Akademik axtarış və məlumat bazaları: süni intellekt imkanları ilə zənginləşdirilmiş elmi platformalarla iş mexanizmləri;
- İmkanlar və etik məsuliyyət: Elmi fəaliyyətdə süni intellektin yaratdığı üstünlüklər, risklər və məsuliyyət prinsipləri;
- Akademik dürüstlük və manipulyasiyaların aşkarlanması: Geri çağırılmış məqalələrin təyini və elmi saxtakarlıqların qarşısının alınması yolları;
- Elmi məqalələrin tərtibatı: Süni intellekt alətləri vasitəsilə tədqiqat işlərinin hazırlanması və redaktəsi;
- Nəşr strategiyası və keyfiyyətə nəzarət: Tədqiqatların beynəlxalq standartlara uyğunlaşdırılması və nüfuzlu nəşrlərdə çap strategiyaları.
Praktiki vərdişlərin aşılanmasına yönələn sessiyalarda iştirakçılara “Scopus AI” və “Web of Science Research Assistant” kimi qabaqcıl resurslardan istifadə qaydaları öyrədiləcək, real nümunələr üzərində keyslər təhlil ediləcək. Eyni zamanda, elmi mənbələrin dürüstlüyünün yoxlanılması və rəqəmsal vasitələrdən etik istifadə qaydaları təlimin əsas diqqət mərkəzində saxlanılacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin