
Azərbaycan Dillər Universitetində “Bakıda Avstriya günləri” tədbiri keçirilib
Ali təhsil müəssisələrində təşkil edilən mədəni-maarif tədbirlərini, pedaqoji heyətin əməyinin qiymətləndirilməsini və universitet həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, ali məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən xəbərlər üçün bizi izləyin.
Azərbaycan Dillər Universitetində(ADU) “Bakıda Avstriya günləri” adlı tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
Bildirilib ki, ADU-da fəaliyyət göstərən Avstriya kitabxanası və mərkəzi iki ölkə arasında mədəni və akademik əlaqələrin inkişafında mühüm rol oynayır. Kitabxana və mərkəz tələbə və müəllimlər üçün Avstriya ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq, eləcə də müvafiq mənbələrdən faydalanmaq imkanı yaradır.
Avstriyanın Azərbaycandakı səfiri Etyen Berxtold çıxışında Azərbaycan ilə Avstriya arasında mövcud olan dostluq münasibətlərindən və əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, universitetdə Avstriya tarixinin, mədəniyyətinin və ədəbiyyatının təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Səfir, həmçinin tələbələrin Avstriya ilə bağlı biliklərinin artırılmasının və iki ölkə arasında akademik-mədəni mübadilənin genişləndirilməsinin vacibliyini qeyd edib.
ADU-nun Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Qahirə Axundova, baş müəllim, Azərbaycan Alman dili müəllimləri birliyinin sədri Lətifə Qurbanova çıxışında alman dilinin tədrisinin inkişafı, bu sahədə müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Avstriya arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələlərinə toxunublar.
Avstriya mədəniyyətinin və alman dilinin universitetdə təbliğinin tələbələrin dünyagörüşünün formalaşmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Vyana Universitetinin Alman filologiyası üzrə tədris proqramının rəhbəri Mixal Dvoretski çıxışında alman filologiyasının müasir tədris yanaşmalarından, dil və mədəniyyətin qarşılıqlı əlaqəsindən, eləcə də Avstriya universitetlərində alman dilinin tədrisi təcrübəsindən bəhs edib. O, akademik əməkdaşlığın genişləndirilməsinin, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbir bədii hissə ilə başa çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

