
AzTU-nun kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb
Ölkəmizdə ali təhsilin beynəlmiləlləşməsini, universitetlərin qlobal elmi nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, professor-müəllim heyətinin xarici elmi təcrübələri və maarif sistemimizdə baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası kafedrasının müdiri, professor Nizami Yusubov Alman Akademik Mübadilə Xidmətinin “Yenidən Dəvət Proqramı 2026” müsabiqəsinin qalibi olaraq Almaniyada ezamiyyətdə olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.
Professor Nizami Yusubov Almaniyanın Brandenburq Texniki Universitetinin Metalkəsən dəzgahlar kafedrasında “Yaşıl mexaniki emal və kəsici alətlərin davamlılığı” mövzusunda genişmiqyaslı elmi-tədqiqat işləri aparıb.
3 ay davam edən ezamiyyət müddətində BTU Cottbus-Senftenberg-in müasir laboratoriya infrastrukturundan istifadə olunmaqla çətin emal olunan poladların emalı zamanı termofiziki qanunauyğunluqlar və səth bütövlüyü öyrənilib, “CryoMQL” (kriogen və minimum yağlama) texnologiyalarının tədqiqi planlaşdırılıb. Tədqiqatların nəticələri əsasında “Scopus” və “Web of Science” bazalarında indekslənən nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunması üçün birgə məqalələr hazırlanaraq təqdim edilib.
Səfər çərçivəsində iki universitet arasında magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı ilə bağlı məsələlər də müzakirə olunub. Həmçinin ikili elmi rəhbərlik əsasında fəlsəfə doktoru hazırlığı mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Almaniyanın Rostok şəhərində Fraunhofer İstehsal Texnologiyaları və Böyük Konstruksiyalar İnstitutunun rəhbərliyi ilə əməkdaşlıq perspektivləri və potensial birgə tədqiqat layihələri ilə bağlı işgüzar görüş keçirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin