
Necə öyrəndiyini anlamaq və öyrənməni idarə etmək. Təhsilə Dəstək Fondunun(EEF) tövsiyələri
Şagirdin necə öyrəndiyini anlaması və öz öyrənmə prosesini idarə etməsi onun daha məqsədli, müstəqil və düşünərək öyrənməsinə kömək edən mühüm bacarıqlardandır. Direktor.az-a abunə olun və Təhsilə Dəstək Fondunun (EEF) tövsiyələri əsasında planlaşdırma, öyrənmə prosesini izləmə, özünüqiymətləndirmə və uyğun strategiya seçimi kimi yanaşmaların dərsdə necə tətbiq oluna biləcəyini öyrənin. Məqaləni həm oxuya, həm də səsli dinləyə, təqdim olunan metodik yanaşmaları öz dərs təcrübənizlə müqayisə edib praktikada tətbiq edə bilərsiniz. Yeni məqalələrdən, vebinarlardan və metodik materiallardan vaxtında xəbərdar olmaq üçün sosial şəbəkələrimizə də qoşulun. Şagirdə yalnız nə öyrənəcəyini deyil, necə öyrənəcəyini də öyrətmək üçün Direktor.az-ın praktik materiallarından yararlanın.
EEF (Education Endowment Foundation) -Təhsilə Dəstək Fondu İngiltərədə fəaliyyət göstərən müstəqil xeyriyyə təşkilatıdır. 2011-ci ildə Sutton Trust və Impetus təşkilatlarının əməkdaşlığı ilə yaradılıb. Onun yaradılmasına Birləşmiş Krallığın Təhsil Nazirliyi maliyyə dəstəyi verib. Əsas məqsədi ailəsinin maddi imkanı zəif olan uşaqların təhsildə daha yaxşı nəticələr qazanmasına kömək etməkdir. (Bax EEF haqqında)
EEF hansı təlim üsullarının şagirdlərə daha çox fayda verdiyini araşdırır. Müxtəlif ölkələrdə aparılan araşdırmaların nəticələrini toplayaraq müəllimlər və məktəb rəhbərləri üçün praktik tövsiyələr hazırlayır. Materiallarında şagirdin öz işini planlaşdırması, geribildirim və müstəqil öyrənmə kimi məsələlərə də yer verilir. Məktəblər bu materiallardan dərsləri yaxşılaşdırmaq və müəllimlərə metodik dəstək göstərmək üçün istifadə edə bilərlər.
1. Məktəb müəllimlərə şagirdin öz öyrənməsini anlamasına kömək edən üsulların əhəmiyyətini başa düşməkdə dəstək verməlidir
Öyrənməsini idarə edə bilən şagird güclü və zəif tərəflərini tanıyır. O, öyrənməyə başlamaq və daha yaxşı öyrənmək üçün özünü həvəsləndirə bilir.
Uğurlu yanaşmaların ortaq cəhəti şagirdə necə öyrəndiyini anlamağı öyrətməkdir. Buraya onun özünü öyrənən kimi tanıması, öyrənmə üsullarını və tapşırıqları anlaması daxildir.
Müəllim şagirdə öyrənməsini planlaşdırmaqda, gedişini izləməkdə və nəticəsini qiymətləndirməkdə kömək etməlidir. Bunun üçün üsulları aydın izah etməli, özü tətbiq edərək göstərməli və şagird həmin üsullardan istifadə edərkən ona lazım olan dəstəyi verməlidir.
2. Şagirdlərə öz öyrənmələrini idarə etmək üsullarını, o cümlədən planlaşdırmağı, izləməyi və qiymətləndirməyi aydın şəkildə öyrədin
Bu üsulların aydın izah edilməsi və öyrədilməsi şagirdlərin daha yaxşı öyrənməsinə kömək edə bilər.
«Planlaşdır, izlə, qiymətləndir» kimi anlayışlar ümumi şəkildə təqdim oluna bilər. Lakin bu üsullar əsasən konkret mövzu və tapşırıqlarda istifadə edilir. Buna görə onları həmin mövzu və tapşırıqlar üzərində öyrətmək daha faydalıdır.
İşə əvvəlki bilikləri yada salmaqla başlamaq, sonra müstəqil çalışmaya keçmək və sonda nəyi, necə öyrəndiyini müəyyən ardıcıllıqla nəzərdən keçirmək olar. Bu addımlar müxtəlif fənlərdə, yaş qruplarında və mövzularda tətbiq edilə bilər.
3. Şagirdlərin həm düşünmə, həm də öz düşünmələrini idarə etmə bacarıqlarını inkişaf etdirmək üçün necə düşündüyünüzü onlara göstərin
Müəllimin işi necə yerinə yetirdiyini göstərməsi yaxşı tədrisin əsaslarından biridir. Təcrübəli birinin öyrənərkən necə düşündüyünü göstərmək şagirdin də öz düşünməsini anlamasına və idarə etməsinə kömək edir.
Müəllim tapşırığa başlayanda və onun üzərində işləyəndə öz düşüncələrini ucadan ifadə etməlidir: «Bu cür məsələlər haqqında nə bilirəm?», «Onları həll etmək üçün əvvəllər hansı üsullardan istifadə etmişəm?», «Öyrənmədə uğur qazanmaq üçün nə etməliyəm?»
Həlli göstərilmiş nümunələr şagirdə dəstək verən tapşırıqlara misaldır. Belə tapşırıqlar şagirdə zehni baxımdan həddindən artıq yüklənmədən həm düşünmə, həm də düşünməsini idarə etmə bacarıqlarını inkişaf etdirməyə imkan verir.
4. Sinifdə şagirdlərin necə düşündükləri və öyrəndikləri haqqında söhbətlərə yer verin və bu söhbətləri inkişaf etdirin
Aydın izah və müəllimin nümunə göstərməsi ilə yanaşı, sinifdə aparılan söhbətlər də şagirdlərin öz düşünmələrini anlamasına və idarə etməsinə kömək edə bilər.
Şagirdlərin bir-biri ilə və müəllimlə söhbəti onların düşünmə və öz düşünmələrini idarə etmə üsulları haqqında biliklərini artıra, bu üsulları daha yaxşı anlamalarına kömək edə bilər.
Bu söhbətlərin aydın məqsədi olmalıdır. Müəllim söhbəti elə yönəltməli və dəstəkləməlidir ki, şagirdləri düşündürsün və onların fənn üzrə əvvəlki biliklərinə əsaslansın.
5. Şagirdlərin öz öyrənmələrini anlamaq və idarə etmək bacarıqlarını inkişaf etdirmək üçün tapşırıqların çətinliyini uyğun səviyyədə seçin
Tapşırıqların çətinlik səviyyəsini düzgün seçmək çox vacibdir. Bu, şagirdə tapşırıqları və öyrənmə üsullarını daha yaxşı anlamağa, özünü öyrənən kimi daha yaxşı tanımağa və bu sahələrdə irəliləməyə imkan verir.
Müəllim tapşırığın çətinliyinin şagirdə uyğun olmasını təmin etməlidir.
Müəllim müxtəlif məqsədlərə doğru irəliləyiş haqqında geribildirim verərək şagirdin öyrənmək həvəsini dəstəkləyə bilər.
Tapşırıqlar şagirdin zehni imkanlarını həddindən artıq yükləməməlidir. Bu, xüsusilə şagird yeni üsullardan istifadə edəndə nəzərə alınmalıdır.
6. Şagirdlərə öyrənmə işlərini müstəqil təşkil etməyi və yaxşı idarə etməyi aydın şəkildə öyrədin
Müəllim şagirdə müstəqil öyrənmə bacarıqlarını aydın şəkildə öyrətməli və onları inkişaf etdirməkdə kömək göstərməlidir.
Müəllimin yönləndirdiyi çalışmalar əvvəlcədən yaxşı düşünülməli, şagird işi bacardıqca kömək tədricən azaldılmalıdır. Bu yolla şagird bacarıq və üsulları əvvəlcə dəstəklə mənimsəyə, sonra müstəqil tətbiq edə bilər.
Şagirdin nə dərəcədə yaxşı öyrəndiyini düzgün qiymətləndirməsi üçün ona vaxtında verilən faydalı geribildirim və öz öyrənməsini yoxlama üsulları lazımdır.
Müəllim şagirdin öyrənmə tapşırıqlarını yerinə yetirmək həvəsini də dəstəkləməlidir.
7. Məktəb şagirdlərin öz öyrənmələrini anlaması və idarə etməsi üçün bu yanaşmaların tətbiqini düzgün təşkil etməlidir
Keyfiyyətli təlimlər və materiallar vasitəsilə müəllimlərin bu sahədə biliklərini artırın və mövzunu daha yaxşı anlamalarına kömək edin.
Məktəb rəhbərliyi bu yanaşmaların ardıcıl tətbiqi üçün müəllimlərə vaxt ayırmalı və dəstək verməlidir.
Müəllim şagirdin öz öyrənməsini idarə etmə bacarıqlarından necə istifadə etdiyini onun işindəki qeydlərə və digər «izlərə», həmçinin müşahidələrə əsasən qiymətləndirə bilər.
Şagirdə öz düşünməsini anlamağı və idarə etməyi öyrətmək müəllim üçün əlavə iş sayılmamalıdır. Bu, onun dərsdə gördüyü işin tərkib hissəsi olmalıdır.
Ətraflı oxumaq üçün: «Necə öyrəndiyini anlamaq və öyrənməni idarə etmək» adlı metodik vəsait.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin