
Qarabağ Universiteti ilə Buxarest İqtisadi Elmlər Universiteti arasında əməkdaşlıq
Regionun müasir təhsil mərkəzinin beynəlxalq tərəfdaşlıqlarını, ali təhsil müəssisələrimizin qlobal akademik inteqrasiyasını izləmək üçün direktor.az-a abunə olun. Tələbə və müəllim mübadiləsi proqramları, beynəlxalq elmi layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universitetində Buxarest İqtisadi Elmlər Universiteti ilə potensial əməkdaşlıq imkanlarının müzakirəsinə dair görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstudor və beynəlxalq əlaqələr üzrə prorektoru Marius Konstantin Profiroiu iştirak ediblər.
Nümayəndələr universitetin əsas tədris binası və Biznes və İqtisadiyyat fakültəsi ilə tanış olub. Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq universitetin qısa müddətdə keçdiyi inkişaf yolu, təhsil və elmi fəaliyyətin təşkili, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər haqqında məlumat verib. Rektor Qarabağ Universitetinin beynəlxalq akademik məkana inteqrasiyasının, nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin və tələbələr üçün yeni təhsil imkanlarının yaradılmasının prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Ş.Bayramov Buxarest İqtisadi Elmlər Universiteti ilə əməkdaşlığın tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları və elmi-tədqiqat layihələri baxımından yeni imkanlar yarada biləcəyini qeyd edib.
Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstudor universitetin fəaliyyəti və inkişaf istiqamətləri ilə tanışlığın onda müsbət təəssürat yaratdığını bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 1913-cü ildə yaradıldığını və iqtisadiyyat, biznes və idarəetmə sahələrində ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrindən biri kimi formalaşdığını diqqətə çatdırıb.
O, tələbə və professor-müəllim heyətinin mübadiləsi, qarşılıqlı səfərlər, birgə akademik təşəbbüslər və elmi əməkdaşlıq vasitəsilə universitetlər arasında əlaqələrin daha da inkişaf etdirilməsinin mümkünlüyünü qeyd edib. Nikolae İstudor iki ali təhsil müəssisəsi arasında iqtisadiyyat və biznesin idarə edilməsi sahələrində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğunu bildirib.
Görüş zamanı tələbələrin və professor-müəllim heyətinin akademik mobilliyi, iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə və turizm ixtisasları üzrə birgə və ikili diplom proqramlarının yaradılması, qonaq mühazirələrin təşkili, dəvətli professorların cəlb edilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq konfransların təşkili imkanları müzakirə olunub. Bununla yanaşı, yay və qış məktəblərinin təşkili, universitetlərin idarə edilməsi və beynəlmiləlləşmə sahəsində təcrübə mübadiləsi məsələləri nəzərdən keçirilib. Tərəflər akademik və elmi əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Sonda qonaqlara Qarabağ Universitetinin hədiyyələri və promo məhsulları təqdim olunub, xatirə fotosu çəkdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

