
Tibb Universitetinin nümayəndələri Türkiyədə konqresdə iştirak edir
Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığı, tələbələrin peşəkar inkişafını izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil siyasətindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) müəllim və tələbələrdən ibarət nümayəndə heyəti oktyabrın 8–11-də Türkiyənin Antalya şəhərində keçirilən IV Beynəlxalq Türkdilli Ölkələr Tibb Konqresində iştirak edir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ATU-nu konqresdə II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, Ümumi cərrahlıq kafedrasının müdiri Elçin Ağayev, dosent Asiman Həsənov, tibb elmləri doktoru, dosent Müşviq Həsənov, eləcə də II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) fəal üzvü, III kurs tələbəsi Röyal Kazımov, Stomatologiya fakültəsinin startap sədri, TEC və “Enactus” komandasının üzvü, IV kurs tələbəsi Jalə Zeynallı təmsil edirlər.
Konqres çərçivəsində ATU-nun müəllim və tələbələri elmi məruzələrlə çıxış edərək öz tədqiqatlarını beynəlxalq auditoriyaya təqdim ediblər. Bu çıxışlar universitetin elmi potensialının nümayişi, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbirdə təcili tibbi yardım zamanı rast gəlinən qanaxmalar, travmalar və tənəffüs pozulmaları ilə bağlı seminarlar və praktiki məşğələlər keçirilib.
Konqresin diqqətçəkən nəticələrindən biri də ATU tələbələrinin türkdilli dövlətlərin “Gənc Tibbi Tədqiqatçılar” birliyinin idarə heyətinə üzv seçilmələridir. Bu uğur tələbələrin beynəlxalq elmi platformalarda təmsilçiliyinin genişlənməsinə və gələcək əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.
ATU nümayəndə heyətinin konqresdə iştirakı sağlamlığın qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini nəzərdə tutan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü məqsədi – “Sağlamlıq və rifah”, eləcə də bilik və peşəkar bacarıqların inkişafını təşviq edən 4-cü məqsəd – “Keyfiyyətli təhsil” istiqamətləri ilə uzlaşır. Beynəlxalq təcrübə mübadiləsi, praktiki təlimlər və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması bu məqsədlərə töhfə verməklə yanaşı, gələcək tibb mütəxəssislərinin peşəkar inkişafını da dəstəkləyir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin